Azərbaycanda ilk mentorluq proqramına yekun vuruldu – FOTO

Human Foundation təşkilatı tərəfindən Azərbaycanda ilk mentorluq proqramının bağlanış mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, “Azeriretail”, “Bakcell”, “Deloitte Azərbaycan” və “Gilan Holding” kimi şirkətlərdən 4 mentorla birgə müxtəlif təhsil və professional zəminli 16 menti Beynəlxalq LifeGuide Mentorluq Programının iştirakçıları olub.
Proqramın əsas məqsədi tələbələrin mentorların rəhbərliyi altında seçdikləri ixtisaslar üzrə, həmçinin həyatda daha hazırlıqlı, kamil və bacarıqlı olmalarıdır. Proqramın vəzifələri aşağıdakılardır:
- Azərbaycanda mentorluq mədəniyyətini təbliğ etmək
- Proqram vasitəsilə müxtəlif sahələrdə mütəxəssislər yetişdirmək və onları ruhlandırmaq
- İş bazarına yeni və dünyagörüşlü mütəxəssislər təqdim etmək.
Mentorluq proqramı vasitəsilə gənclər öz maraqları çərçivəsində həyati, praktik və professional təcrübə toplamaq imkanını əldə edə bildilər. Lahiyə zamanı bu təcrübələrə nail olmaq üçün 4 mentor rəhbərliyi altında mentilər tərəfindən 7 həftə müddətində müxtəlif mərhələləri keçmək nəzərdə tutulub. Mentorlar Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlərin nümayəndələri idi. Seçilmiş iştirakçılar həmin mentorlardan peşəkar tövsiyələr və təlim almaq imkanı tapdı.
Mentilərin şəxsi və peşəkar inkişafı üçün proqramda müxtəlif təlim metodları istifadə olunub, bunlara – bazar üzrə və fondun/büdcənin artırılması üzrə tədqiqat və sorğular aparmaq, özünü inkişaf etdirmə məşğələləri, CV qurma təlimi və müsahibə simulasiyası, komanda daxili psixoloji test, biznes qurma bacarıqları, onun inkişaf edilməsi və layihə təkliflərinin yazılması aiddir.
Lahiyənin təşkilatçıları tədbiri açıq elan etdikdən sonra təşkilat və lahiyə haqqında məlumat verdilər. Tədbir zamanı mentorlar Azərbaycanda ilk mentorluq proqramı haqqında öz fikirlərini, təəssüratlarını və öz şəxsi təcrübələrini paylaşdılar. Fərqlənən mentilər diplom ilə təltif olundular və bütün digər iştirakçılar LifeGuide Mentorluq proqramını tamamlamaq münasibətilə sertifikat ilə təmin olundular.
Mentorlardan başqa tədbirdə digər peşəkar şəxslər və mütəxəssislər də öz rəyləri və təəssüratlarını bölüşdülər. Video və foto hesabatlar bağlanış mərasimində proqramın ən yaddaqalan anlarını vurğuladı. Human Foundation təşkilatının təsisçisi layihənin bütün vacib məqamlarını ümumiləşdirərək bağlanış nitqi ilə çıxış etdi.
Qeyd edək ki, layihə uğurla başa çatdıqdan sonra təşkilatçılar onun davamlılığı və gələcəkdə proqramdan faydalana biləcək mentorlar və mentilərin sayını artmasını təmin etmək üçün çalışacaqlar.
1news.az