Bu gün Ümumdünya Qaçqınlar Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Ümumdünya Qaçqınlar Günüdür

12:00 - 20 / 06 / 2017
Bu gün Ümumdünya Qaçqınlar Günüdür

Bu gün - 20 İyun Ümumdünya Qaçqınlar Günüdür.

1news.az xəbər verir ki, BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. Bu günün qeyd edilməsində məqsəd köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaqdır.

XXI əsrin olmasına baxmayaraq, çox təəssüf ki, dünya bu bəladan qurtula bilməyib. Bu gün dünyada milyonlarla insan zora, təcavüzə, işgəncələrə məruz qalaraq öz doğma yurd-yuvalarından didərgin düşüblər.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.

Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda, 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.

Bundan başqa, 1990-cı ildə Fərqanə hadisələri zamanı Orta Asiyadan gələn təxminən 50 min nəfər Ahıska türkü də Azərbaycanda sığınacaq tapıb.

Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.

Azərbaycan dövləti həmişə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların sosial qayğılarının aradan qaldırılmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərib. Bu siyasi kursun əsası isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli liderin 1993-2003-cü illərdə istər problemin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub.

1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilib. Ondan bir il sonra ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılıb.

2003-cü ildən başlayaraq ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının və sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.

Dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin “Böyük qayıdışı” layihəsi də artıq hazırdır. Bu proqram müxtəlif nazirliklər, dövlət komitələri və beynəlxalq təşkilatlar tərəfindən razılaşdırılıb. Layihə işğal altında olan Azərbaycan torpaqlarının azad olandan sonra həyata keçiriləcək.

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, onların qarşılaşdıqları problemlərin həlli sahəsində işlər bu gün də uğurla davam etdirilir. Bununla belə bütün azərbaycanlıların bir arzusu var: işğal edilmiş torpaqlarımız tezliklə düşmən işğalından azad edilsin, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıtsınlar.

Babək Cahandarov

Paylaş:
1640

Son xəbərlər

Bütün xəbərlər