Həmsədrlər prezidentlərin görüşünü təklif ediblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov Edvard Nalbandyanla iyulun 11-də Brüsseldə keçirilmiş görüşlə bağlı bəyanat veriblər.
1news.az-ın məlumatına görə, bəyanatda qeyd edilib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcəkdə atılacaq addımlar müzakirə olunub.
Nazirlər həmsədrlərin bu ilin sonuna kimi yüksək səviyyəli görüşün təşkili ilə bağlı təkliflərini prezidentlərə çatdıracaqlarını razılaşdırıblar. Həmsədrlər bu görüşün təşkili üçün öz yardımlarını təklif edib.
Həmçinin, təmas xəttində mövcud vəziyyət də müzakirə olunub. Nazirlər və həmsədrlər sentyabrda Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən görüşmək barədə razılaşıblar.
Pərvanə Sultanova