Səfir: "Bu, regionun inkişafında çevrilişə bərabərdir”
İran İslam Respublikasının(İİR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin 1news.az-a müsahibəsi
-Cənab səfir, hazırda Azərbaycanla İran arasında əsas əməkdaşlıq sahələri hansılardır? Ümumiyyətlə, iki ölkənin münasibətlərinin inkişafını necə dəyərləndirirsiniz?
-Azərbaycan İran münasibətlərindən danışarkən iki sahəni vurğulamaq lazımdır. Birincisi, siyasi münasibətlərdir. Əgər iki ölkə arasında siyasi sahədə münasibətlər ciddi şəkildə qurulmasa, iqtisadi, mədəni, turizm, idman, müdafiə sahəsində əlaqələr qurulub inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında xüsusi münasibətlər var. Buna nümunə kimi iki prezidentin son 4 ildə 9 görüşünü göstərmək kifayət edir. Təxminən hər altı ay ərzində iki prezident görüşür.
Bu onu sübut edir ki siyasi sahədə münasibətlərimiz yüksək səviyyədədir. Siyasi sahədəki mövcud münasibətlər ölkələrimizin əməkdaşlığının daha da inkişafına, irəli aparılmasına dəstək verir. Mən bir il deyil ki, Azərbaycanda səfir kimi çalışıram. Bu müddət ərzində İranın 6 nazir, mühüm vilayətlərinin 6 valisi Azərbaycana səfər edib. Onların arasında Təbriz, Ərdəbil, Gilan, Urmiya, Gülüstanı qeyd etmək olar. Regionlar arasında da çox yaxşı münasibətlər qurulmaqdadır. Ötən müddət ərzində beş biznes forum keçirilib. Bu biznes forumlar Bakıda, Naxçıvanda, Urmiya və Ərdəbildə baş tutub. Indi istəyirik ki, Təbrizdə də belə forum keçirək.
Azərbaycan -İran hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu yaxınlarda İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian komissiyanın yeni həmsədri təyin edilib. Hökumətlərarası komissiyanın İran tərəfdən əvvəlki həmsədri ölkənin rabitə və texnologiyaları naziri Mahmud Vaezi isə İran Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub. Kərbasian əvvəl gömrük naziri olub və Azərbaycanla çox yaxşı münasibətləri var. İki ölkə arasındakı problemləri, çatışmazlıqları bilir və çalışacaq ki, azərbaycanlı həmkarları ilə əl-ələ verib onları həll etsin, əlaqələrimizi daha da irəli aparsın.
-Cənab səfir, iki ölkə arasında səhiyyə, nəqliyyat, avtomobil istehsalı zavodu və digər sahələrdə bir sıra vacib layihələr həyata keçirilir. Həmin layihələrin tamamlanması işləri nə yerdədir?
-Bildiyiniz kimi çox mühüm müştərək layihələrimiz həyata keçirilir. Bunların sırasında dəmiryol, avtomobil istehsalı zavodu, dərman zavodu və digərləri var. Turizm sahəsində də çox yaxşı əlaqələrimiz mövcuddur. Novruz bayramından iki həftə əvvəldən 64 min nəfər Bakıya gəlmək üçün viza almışdı.
İranlılar Bakıya və Azərbaycanın digər şəhərlərinə gəlirlər. İran məlum olduğu kimi birtərəfli olaraq vizanı ləğv edib. Azərbaycanlı bacı qardaşlarımız həm Bakıdan, həm də Naxçıvandan İrana gedirlər. Onların səfərləri adətən Məşhəd ziyarəti, səhiyyə, turizm, ticarət məqsədilə olur.
İki ölkənin qeyd etdiyim sahələrdə əlaqələri ona görə inkişaf edir ki, siyasi sahədə problemlərimiz yoxdur. Bundan başqa, Azərbaycanla İran bu çətin regionda təhlükəsiz şəraitdə yaşayırlar. İki dövlətin başçılarının da bizə göstərişi bundan ibarətdir ki, əlaqələrimizi daha da inkişaf etdirək.
İqtisadi sahədə 2016-cı ildə 2015- ci ilə nisbətən ticarət dövriyyəmiz 70 faiz artıb. Bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artım var. Qarşıdakı dörd ay ərzində isə bu rəqəm daha da artacaq.
Mən bir neçə gün əvvəl Neftçalada oldum və avtomobil istehsalı zavoduna baş çəkdim. Tikintinin 85 faizi yerinə yetirilib. Avadanlıqlar İrandan gətirilərək qurulacaq. Əvvəlcə beş maşın istehsal olunacaq, amma sonrakı illərdə təxminən ildə 10 min maşının istehsalı nəzərdə tutulub.
Zavodda 350 nəfər işləyəcək. Dərman zavodu da tikilir və bu zavodun məhsulları həm Azərbaycan, həm İran bazarlarında satılacaq.
Bu yaxınlarda Astaraya da səfər edib dəmiryolunun tikintisi ilə tanış oldum. Azərbaycan tərəfindən işlər yekunlaşıb, İran tərəfindən isə işlər bitmək üzrədir.
Orda bir terminal var ki, yüklər gəlib boşaldılacaq və Azərbaycan dəmiryolu vasitəsilə Gürcüstana, ordan isə Avropaya gedəcək. Bu, çox böyük işdir, regionun inkişafında bir çevrilişə bərabərdir. Həm yolları qısaldır, həm zamanı azaldır, həm xərclər az çıxır. Bir müştərək işimiz də 167 kim-i əhatə edəcək Astara-Rəşt dəmiryoludur və bunun da başlanması üçün müzakirələr aparılır. Şimal-Cənub dəhlizi ölkələrimizin müştərək işidir və bu layihə prezidentlərin diqqət mərkəzindədir.
Bundan əlavə biz mədəniyyət, turizm sahəsində də əlaqələrimizi genişləndiririk. Bu günlərdə Azərbaycanın mədəniyyət və turizm nazirinin başçılığı ilə nümayəndə heyəti İranda səfərdə oldu. Biz Bakıda və Gəncədə İran və Təbriz günlərini keçirmək istəyirik. Bununla bağlı da davam edir.
Kənd təsərrüfatı sahəsində də müştərək işlər görmüşük və bəzi regionlarda iki ölkə bu istiqamətdə əməkdaşlıq edir. Çəltik, pambıq, qarığdalı istahsalı ilə bağlı əməkdaşlıq var. Bundan əlavə, Urmiya traktor zavodunun Naxçıvan Muxtar respublikası ilə müqavilələri var idi və məqsəd ordan traktorlar gətirməkdir.
Əgər bəyənilsə, müştərək traktor zavodu qurmaq fikrimiz var. Sumqayıtda isə təkər zavodu və kimya sahəsində müştərək işimiz var. Yəni həm siyasi, iqtisadi, turuzm, mədəniyyət, din sahəsində əlaqələrimiz günbəgün inkişafdadır.
-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz? İran daha əvvəl münaqişədə vasitəçi olmaq təklifi ilə çıxış edib, indi də bu təklif gündəmdədir?
-Azərbaycan Prezidenti bu yaxınlarda BMT Baş Assambleyasının Nyu-Yorkda 72-ci sessiyasında çıxış etdi və vurğuladı ki, ATƏT-in Minsk qrupu neçə ildir fəaliyyət göstərsə də işinin bir nəticəsi olmayıb. Vaxtilə Mehdi Vaizi İran xarici işlər nazirinin müavini vəzifəsində çalışanda münaqişənin həlli ilə bağlı Bakı və İrəvana 37 dəfə səfər edib. Məqsəd danışıqları irəli aparmaq olub. Biz hər zaman vurğulamışıq ki, uzaq məsafədə yerləşən ölkələr bu münaqişəni həll etməyəcək. Dağlıq Qarabağ münaqişəsi gərək region ölkələrinin iştirakı ilə həll edilsin. Əgər münaqişə qan tökülmədən, danışıqlar yolu ilə həll ediləcəksə, biz buna sevinəcəyik. İran ötən illərdə münaqişənin həlli üçün çox çalışdı. Biz yenə də yardım etməyə hazırıq. Münaqişənin tezliklə həllini istəyirik. Belə olarsa, regionda təhlükəsizlik bərqərar olar.
İran Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz İraqla 8 il aparılan müharibədən sonra BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsi əsasında müzakirələrə başlamışdıq. O zaman hazırkı prezident cənab Ruhani və XİN rəhbəri Zərifi də həmin danışıqlar qrupunda olub.
-Azərbaycan və İran müxtəlif formatlarda da əməkdaşlıq edir. Siz çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-İranla Azərbaycanın əlaqələri təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatlarda inkişaf edir. Əvvəl münasibətlər ikitərəfli idi. Amma indi Azərbaycan- İran Rusiya, Azərbaycan-İran Türkiyə üçtərəfli formatları fəaliyyət göstərir.
Bundan əlavə, Xəzər dənizinin hüquqi statusuna dair danışıqlarda beş ölkə iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatında(EKO), İslam Əməkdaşlıq Təşkilatı və digər formatları, təşkilatları da göstərmək olar. Astanda prezidentlər Əliyevlə Ruhani arasında görüş oldu və Ruhani Bakıya səfərə dəvət olundu. Çoxtərəfli görüşlər, əməkdaşlıq göstərir ki, əlaqələrimiz yüksək səviyyədədir.
-Cənab səfir, ABŞ prezidenti Donald Tramp Obama dövründə İranla imzalanmış nüvə razılaşmasına yenidən baxılmasını istəyir. Rəsmi Tehranın bununla bağlı mövqeyi necədir?
-İran xalqı qüdrətli xalqdır və hər zaman sülh istəyir. Biz heç vaxt müharibə, münaqişə dili ilə danışmırıq. Amma kimsə bizi təhdid edirsə, buna susmayacağıq. İran 8 il İraqla müharibə aparıb. Tarix boyu elə bir fakt olmayıb ki, biz özümüz müharibəyə, münaqişəyə gedək. Amma bu olursa, həm özümüzü, həm dövlətimizi qorumağa, müqavimət göstərməyə qadirik. Trampın açıqlamalarına gəlincə, bu, altılıq ölkələri- ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Avropa İttifaqı arasında aparılmış iki illik danışıqların nəticədir.
Bir tərəfin istəyi ilə razılaşmanın üzərindən xətt çəkmək olmaz. Amma İranın həyatı o müqaviləyə bağlı deyil. Beynəlxalq razılaşmaya əməl etmək lazımdır. Yeni prezidentin bu razılaşma ilə bağlı başqa bir mövqe göstərməsi düzgün deyil. Tramp dünyanın qaydalarını bilməkdə çətinlik çəkir. Dünyanın qaydası millətlərin, ölklərin ona baş əyməsi deyil. Bu müqaviləyə problem yaradacağını düşünmürəm, amma Tramp ABŞ xalqını da çətinə salır. Bu gün İran, Şimali Koreya, Kuba, Venesuela və digər ölkələrlə düşmənçilik etmək, düşmən artırmaq Amerika xalqı üçün yaxşı deyil.
-İran Suriya danışıqlarının iştirakçısıdır. Münaqişəsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
-Mən Suriyaya vəziyyətin çox ağır olduğu dövrlərində səfərlər etmişəm. ABŞ Əfqanıstana, İraqa gəldi, ölkələr xarabaya çevrildi. Suriyada da eyni vəziyyətdir. Hər bir xalq gələcəyini özü müəyyən etməlidir. İranın mövqeyi belədir ki, xalq öz prezidentini seçməlidir. Demirik ki, Suriyada problem yoxdur, amma ölkənin gələcəyi ilə bağlı qərarı xalq verməlidir.
-İraqın kürd muxtariyyətinin referendum keçirməsinə münasibətiniz?
-Rəsmi Tehran bununla bağlı mövqeyini açıqlayıb. Biz İraqın parçalanmasının əleyhinəyik. Türkiyə, Avropa ölkələri, ABŞ, İraq özü bu referendumun əleyhinədir. Ümumilikdə beynəlxalq alımdə münasibət mənfidir. Bu referendumun olması İraq üçün çətinliklər yaradacaq.
Pərvanə Sultanova