Meşə yanğınları, iqlim dəyişikliyi... - Təbiət və səhlənkarlıq - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Meşə yanğınları, iqlim dəyişikliyi... - Təbiət və səhlənkarlıq - ŞƏRH

Ayşən Salehli16:08 - Bu gün
Meşə yanğınları, iqlim dəyişikliyi... - Təbiət və səhlənkarlıq - ŞƏRH

Hər nüansı ilə könül oxşayan, bəzən heyrət, bəzən də heyranlıq doğuran təbiət gərgin həyat tempindən yorulanların qoynuna sığındığı Tanrı hədiyyəsidir desək, heç də yanılmarıq.

Quşların cəh-cəhi, çayların şırıltısı, küləyin tumarı, günəşin isti təbəssümü, yağışın paklığı... Bunları nəinki yaşamaq, xəyalında canlandırmaq belə insanın ruhuna dinclik bəxş edir. Bütün bu töhfələrin qarşılığı insanların təbiət təəssübkeşliyi olsa da, bəzən insan əli təbiətə təşəkkür üçün yox, qırmaq, dağıtmaq, zibilləmək, yandırmaq, bir sözlə, məhv etmək üçün uzanır. Bəs ekologiya və ətraf mühitin mühafizəsi üçün hansı addımlar atılmalıdır? Onu bəzi insanların çirkin xislətlərindən necə qoruya bilərik?

Məsələ ilə bağlı 1news.az-a açılqma verən Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, Ekosistem Xidmətləri və Biomüxtəliflik üzrə Beynəlxalq Ekspert Panelinin üzvü Rövşən Abbasov insan-təbiət münasibətlərində müşahidə olunan dəyişikliklərdən bəhs edib.

“Həm havanın və suyun çirklənməsi, həm meşələrin qırılması, həm torpaq eroziyası kimi fəsadlar insanın təbiətə səhlənkar münasibəti, çox hallarda da təbiətdən çox qazanc götürməsi istəyi nəticəsində yaranır. İri şəhərlərdə havanın çirklənməsi çox mühüm problemdir. Hesab olunur ki, bu problem şəhərlərdə elektrik avtomobillərinin kütləvi tətbiqi ilə öz həllini tapacaq.

İnsan-təbiət əlaqələrində insanlar təbiətə çox təsir etməməyə çalışmalıdır. Təbiəti qorumaq lazımdır, çünki o, resursların mənbəyidir. Amma çox qazanc götürdüyümüz zaman təbiət deqradasiya olur. Bu məqsədlə xüsusi yanaşmalar təklif edirik ki, ekosistemlərin dayanıqlı istifadəsinə nail ola bilək. Dayanıqlı istifadə həm resurslardan istifadə, həm də onların mənbəyinin qorunmasını ehtiva edir. Əgər biz balıqları kütləvi şəkildə ovlasaq, təbii ki, qısa müddətdən sonra onlar tükənəcək. Buna görə də balıq ovu müəyyən tənzimləmələr çərçivəsində keçirilsin və onların populyasiyaları qorunsun.

Hətta vəhşi heyvanlar belə o ceyranları, antilopları tutub yeyəndə onların populyasını qoruyur. Onların hamısını birdən-birə məhv etmirlər. Amma insan şüurludur və acgözlüyündən əl çəksə, daha yaxşı olacaq”.

O, ağacların kəsilməsi və meşə yanğınları kimi vacib problemlərə də toxunub:

“Meşələrin qırılmasına gəlincə, ekosistemlərin total həllinə gətirib çıxarır. Ona görə də bu çox həssas mövzudur. Azərbaycanda ağacların kəsilməsinə qarşı həssaslıq günü-gündən artır. Burada həm dövlət orqanlarının, həm də ictimaiyyətin həssaslığını görürük.

Statistika onu göstərir ki, meşə yanğınları daha çox insanların səhlənkarlığı ucbatından baş verir. Yəni yanğınlarda təbii amillərin rolu çox aşağıdır. Daha çox meşə yanğınları ilin isti dövründə baş verir. Çünki meşələrdə çoxlu quru ot kütləsi yığılır və alışma tez bir zamanda baş verir. Əksər hallarda meşə yanğınları turistlərin səhlənkarlığı, ocaq qaladıqdan sonra onun söndürülməməsi, siqaret kötüklərinin atılması, kənd təsərrüfatında qalıq otun yandırılması zamanı baş verir. Bu çox böyük fəsadlara səbəb olur. İlk növbədə meşələr məhv olur, biomüxtəlifliyə çox ciddi ziyan dəyir. Vəhşi heyvanların yaşayış mühiti pozulur və paralel olaraq atmosfer külli miqdarda çirkləndiricilərlə, xüsusilə kükürd oksidi və azot oksidi ilə çirklənir. Meşə yanğınlarının qarşısını almaq üçün həm ziyarətçilər, həm də kənd təsərrüfatı işçiləri çox məsul davranmalıdırlar. Milli parklarda, meşəlik ərazilərdə və istirahət yerlərdə özbaşına ocaq qalanması tamamilə qadağan edilməlidir. Yalnız soyuq qəlyanaltılardan istifadə etmək olar. Kənd təsərrüfatı ərazilərində, tarlalarda qalıq otun yandırılması da qadağan olunmalıdır. Çünki otun yandırılması beynəlxalq konvensiyalarda da qadağan olunub. Çalışaq ki, təbiəti qoruyaq, çünki təbiət əvəzsizdir”.

Məsələ ilə bağlı suallarımızı cavablayan Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova isə iqlim dəyişikliyinə diqqət çəkib.

“Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmay;b. Ölkəmiz təbii resurslarla zəngindir və bu resursların səmərəli idarə edilməsi iqtisadiyyatın və ətraf mühitin davamlı inkişafı üçün vacibdir. Ölkədə su, meşə, torpaq, mineral xammal və digər təbii sərvətlər mövcuddur. Bu resursların idarə edilməsi dövlət tərəfindən tənzimlənir və müvafiq qanunvericiliklə müəyyən olunur.

Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya etmişdir. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır”.

İ.Həsənova qeyd edib ki, qlobal istiləşmə nəticəsində çayların suyu azalır,bu da kənd təssərrüfatına ciddi zərər vurur.

“Azərbaycan iqlim dəyişikliyinin yaratdığı təsirlərlə mübarizəyə çox ciddi yanaşır. COP29 kimi dünya səviyyəli tədbirə ev sahibliyi etməklə ölkəmiz, ətraf mühitin qorunması, dayanıqlı inkişaf məqsədinə doğru irəliləyərək mühüm addımlar atır. Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atır. Respublikamız qlobal iqlim siyasətini dəstəkləyərək bu istiqamətdə dünyanın bir çox dövlətləri ilə əməkdaşlıq edir. Respublikamızın bu istiqamətdə dünya ölkələri ilə gələcəkdə də sıx əməkdaşlıq etməsi iqlim dəyişikliyi ilə mübarizəyə, o cümlədən ətraf mühitin qorunmasına öz nailiyyətlərini verəcəkdir.

Azərbaycan ətraf mühitin qorunması ilə bağlı görülən işləri uğurla davam etdirərək BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində gündəlik” təşəbbüsünə qoşularaq, dayanıqli inkişafa nail olmaq öhdəliyini bəyan edərək bu öhdəliyin icrasına əməli addımlar atıb. Məhz bu gündəlikdə qeyd edilən təmiz və sağlam ətraf mühitin təmin edilməsi fəaliyyətin əsas və mühim faktorudur. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Priotetlər” sənədində təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib.

Azərbaycanda təbii resursların idarə edilməsi, ölkənin davamlı inkişafı üçün strateji əhəmiyyətə malikdir. Bu sahədə aparılan islahatlar və tədbirlər, təbii resursların qorunması, səmərəli istifadəsi və iqtisadiyyatın dayanıqlı inkişafı üçün mühüm rol oynayır”.

Gəlin təbiəti qoruyaq. Qoruyaq ki, Xalq şairi Hüseyn Arifin vəsf etdiyi o gözəlliklər elə şeirlərdəcə qalıb arxivə qovuşmasın:

Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım,
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.

Nə kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Yarıb buludları dinəndə qartal
O səsə bərabər bir səs harda var.

Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi.

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər