Məğzi reklam, əsli isə biabırçılıq - Dəridən-qabıqdan çıxanlar - ŞƏRH

“Kamil insan öz mühitində qeyri-kamilliklə toqquşduqda məhbəsdəki məhbusdan da çox əzab çəkir”.
Hazırkı dövrdə bu müdrik kəlam tez-tez yada düşür. Xatırlandığı məqamlardan biri də sosial şəbəkələrdə vüsət alan məğzi reklam, əsli biabırçılıq olan videoların qarşımıza çıxdığı anlardır. Dayanmadan çoxalan bu videolar bir çox insan tərəfindən ikrahla qarşılansa da, bəyənib dəstək verənlərin sayı da heç də az deyil. Baxış toplamaq, izləyici yığmaq üçün dəridən qabıqdan çıxan məkan və ya mağaza sahibləri işi o həddə çatdırıblar ki, “reklam”larda psixoloji və ya fiziki problemi olan şəxslərdən tutmuş bədəni vasitəsilə alıcı diqqəti çəkən qadınlara qədər hər şey görmək mümkündür. Bəs insan şəxsiyyəti niyə bu qədər ucuzlaşdırılır? Qadın bədəni reklam nəsnəsi ediləcək qədər dəyərsizləşibmi? Reklam etikası deyə bir anlayış yoxdur?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran fəlsəfə doktoru, sosioloq Mail Yaqub qeyd edib ki, sosial şəbəkələrə nəzarət yox səviyyəsindədir.
“Bu barədə hüquqi addımlar da demək olar ki, atılmır. Bu haqda hüquqi baza formalaşdırılmayıb. Kimsə kimisə təhqir edir, böhtan atır və s. Bu məsələlərdən biri də reklam məsələsidir. İnsanlar nəyin bahasına olur olsun bir malı reklam edirlər. Yəni etik qaydalar pozulsa da, bir insanın şəxsiyyəti alçaldılsa da, edilir. Artıq dünyada gedən qlobal proseslərə qoşuluruq. Etika, əxlaq, mədəniyyət, tərbiyə məsələsi ikinci plana keçir. Bir qıza paltar geyindirilərkən burada əxlaq normaları qorunmur və diqqət sırf reklama yönlənir. Halbuki bizim mədəniyyətimiz, əxlaqımız hələ ki yerindədir. Biz Avropa olmamışıq və məncə, olmayacağıq. Biz öz mədəniyyətimizdən uzaqlaşsaq, artıq biz “biz” olmayacağıq. Azərbaycanlı öz milli mədəniyyəti ilə azərbaycanlıdır. Müasir dünyadan texnologiyanı, disiplinli olmağı, işgüzarlığı almalıyıq. Amma onların əxlaqsızlıqlarını almamalıyıq. Yaxşı, bəs buna kim nəzarət etsin? Təbii ki, dövlət sistemi və hüquqi baza”.
Biznesin inkşafı üzrə baş mütəxəssis Venera Azər Bəkir də məsələnin qanunlarla tənzimlənməli olduğunu vurğulayıb.
“Müasir dövrdə restoranlar, mağazalar və müxtəlif kommersiya obyektləri insanları öz məkanlarına dəvət edərək öz məhsullarını və xidmətlərini reklam etdirirlər. Bu proses, xüsusilə də sosial şəbəkələrdə geniş yayılıb. Mağazalar satdıqları geyimləri, məişət avadanlıqlarını və digər məhsulları bu yolla tanıdırlar.
Qeyd etmək lazımdır ki, sosial şəbəkələr, o cümlədən "TikTok", Daxili İşlər Nazirliyi tərəfindən monitorinq edilir. Belə videolar yayıldıqda, bəzən inzibati xəbərdarlıqlar edilir. Lakin müşahidə olunur ki, psixoloji durumu sabit olmayan, müxtəlif xəstəlikləri olan insanlar və ya açıq-saçıq geyimlərdə (bəzən alt paltarı ilə belə) olan şəxslər reklam məqsədilə bu cür çəkilişlərə cəlb olunur.
Əgər bu fəaliyyətlərə görə konkret cərimə və ya hüquqi məsuliyyət nəzərdə tutulsaydı, həmin şəxslər və təşkilatlar bu cür hallara yol verməzdi. Məsələn, “influencer”lər üçün reklam yerləşdirərkən "#reklam" və ya oxşar həştəqlərlə reklamın açıq şəkildə göstərilməsi qanunla tələb olunur. Eyni qayda bu tip səhifələrə və kontentlərə də tətbiq olunmalıdır. Belə olduqda, bu cür halların azalacağına inanmaq olar. Qaydalara əməl etməyənlər isə hüquqi məsuliyyət daşımalı və ya cərimələnməlidir”.
V.A.Bəkir bildirib ki, məsələyə hüquqi baxımdan yanaşdıqda, "Reklam haqqında" Qanunun tələblərinə əsasən, belə hallar “yolverilməz reklam” və ya “qeyri-etik reklam” kimi qiymətləndirilə bilər.
“Yolverilməz reklam” - məzmunu, yayımlanma yeri və üsulu baxımından qanunvericiliyin tələblərinə zidd olan, bilərəkdən yalan məlumat ötürən və ya qeyri-etik reklamdır.
Maddə 9. Qeyri-etik reklam
Aşağıdakı hallarda reklam qeyri-etik hesab olunur:
Mətnində, görünüşündə və ya səslənməsində irqlərə, millətlərə, peşələrə, sosial təbəqələrə, yaş qruplarına, cinslərə, dillərə və ya fiziki şəxslərin dini, fəlsəfi, siyasi və digər əqidələrinə qarşı təhqiramiz ifadələrə, müqayisələrə və obrazlara yer verildikdə;
Milli və ümumbəşəri mədəni irsə daxil olan incəsənət nümunələrini, Azərbaycan Respublikasının və ya digər ölkələrin milli valyutalarını, dini rəmzlərini və ya hər hansı fiziki və hüquqi şəxsi, onların fəaliyyətini, peşəsini və ya məhsulunu gözdən saldıqda.
Bu səbəbdən sosial şəbəkələrdə yayımlanan reklamların həm etik, həm də hüquqi tələblərə uyğunluğu ciddi şəkildə nəzarətdə saxlanılmalı, xüsusilə də psixoloji durumu qeyri-sabit şəxslərin və yetkinlik yaşına çatmayanların bu prosesə cəlb olunmasının qarşısı alınmalıdır”.