Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Yaponiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə 1news.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyaya səfəri çərçivəsində Parlament məsələləri üzrə Yaponiya xarici işlər nazirinin müavini, Nümayəndələr Palatasının üzvü Mitsunari Okamoto ilə görüşüb və Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Toşihirio Aiki ilə Azərbaycan və Yaponiya XİN-ləri arasında 10-cu siyasi məsləhətləşmələri keçirib.
7 sentyabr 2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğu vurğulanaraq, bu illər ərzində ölkələr arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrin yeni mərhələyə qaldırılmasında yüksək səviyyəli səfər mübadilələrinin xüsusi əhəmiyyəti qeyd olunub və 14 sentyabr 2017-ci ildə Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horiinin “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması mərasimində Yaponiya dövləti adından iştirakı vurğulanıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd edilib, bu xüsusda 9-cu iclası 23 fevral 2017-cı ildə Bakıda keçirilmiş Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu nəzərə alınaraq, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb.
Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın münasibətlərin inkişafına müsbət təsiri qeyd edilib. Həmçinin, regionlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı tədbirlər məmnunluqla qeyd edilib. İkitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb və nazir müavini X.Xələfov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulayıb.
GUAM+Yaponiya çərçivəsində ölkələr arasında aparılan əməkdaşlıq yüksək qiymətləndirilərək, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
1news.az