Ramiz Mehdiyev və Nikolay Patruşev təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsi və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planı imzalayıblar.
1news.az xəbər verir ki, N.Patruşevin Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stansilav Zas və Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşlərinin yekunlarına əsasən də əməkdaşlıq planları imzalanıb.
Moldova Respublikasının Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar. Tərəflər hər iki ölkənin mənafeyi üçün milli səviyyədə, Avropa miqyasında və beynəlxalq miqyasda təhlükəsizliyin təmin olunmasına aid məsələlərin geniş dairəsi üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Abdurahim Kahharov ilə görüşdə iki dövlətin güc strukturlarının və xüsusi xidmətlərinin qarşılıqlı əlaqəsi məsələləri müzakirə edilib.
1news.az