Mübariz Əhmədoğlu: Aİ-nin Brüssel sammiti Ermənistan siyasətinin iflası oldu | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Aİ-nin Brüssel sammiti Ermənistan siyasətinin iflası oldu

11:53 - 27 / 11 / 2017
Mübariz Əhmədoğlu: Aİ-nin Brüssel sammiti Ermənistan siyasətinin iflası oldu

Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ tənzimlənməsi prizmasından böyük mübahisə vəd verirdi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Vilnüs-2013 və Riqa-2015 sammitlərində bu mövzuda gərginlik yaranmışdı. Amma bu dəfə əvvəldən görülən işlər Ermənistanı neytrallaşdırdığı üçün mübahisə yaranmadı.

Aİ Dağlıq Qarabağ münaqişəsi kontekstindən:

- bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini bəyan etdi.

- regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdı.

- mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə hətta münaqişəli ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səylərini gücləndirəcəyini bildirdi.

- iqtisadi və sosial inkişaf  üçün münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətlərinin vacibliyini bəyan etdi.

Sammitin yekun bəyannaməsinin mətninin hətta səthi təhlili aşağıdakıları üzə çıxarır:

- Yekun bəyannamədə ATƏT MQ-nin adı çəkilmir. Bu, ilk dəfədir.

-  “Şərq Tərəfdaşlığı” məkanındakı bütün münaqişələrə vahid yanaşma təsbit olunub. Bu da ilk dəfədir.

-  Suverenlik, ərazi bütövlüyü və müstəqilliyə dəstək bəyan edilir.

- Xalqların öz müqəddəratını təyinetmə prinsipi ümumiyyətlə xatırlanmır.

-  İqtisadi və sosial inkişaf üçün münaqişələrin həllinin zəruriliyi bildirilir.

ATƏT MQ formatı ilk dəfədir ki, ciddi şəkildə silkələndi. Əgər vasitəçilər bundan nəticə çıxarmayacaqlarsa Aİ Dağlıq Qarabağ tənzimlənməsində səylərini gücləndirəcəkdir.

“Vyana və Sankt-Peterburq razılaşmalarına əməl edilməsi” tezisi yoxa çıxdıqdan sonra ATƏT MQ-yə istinad da tədricən sıradan çıxır”.

Politoloqun fikrincə, Aİ-nin sonradan yaydığı bəyanatda Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hissəsi göstərilməklə həmin ərazilərdə Aİ şirkətlərinin fəaliyyətinin cinayət məsuliyyəti riski yaradacağını bildirir:

“Bununla da Aİ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsi istiqamətində güclü siyasi iradə nümayiş etdirir.

Prezident İlham Əliyev Aİ-dəki çıxışında Avropa məkanında separatizmin bütün təzahürlərinə vahid yanaşmanı aktuallaşdırdı. Yada salaq ki, İ.Əliyev “Şərq Tərəfdaşlığı” məkanındakı münaqişələrin həllinə və ərazi bütövlüyünə vahid yanaşılması ideyasının da müəllifidir. İndi onun bu tezisi Aİ-nin yekun sənədində öz əksini tapıb. Yaxın zamanlarda Aİ Kataloniya separatçılarının lideri K.Puçdemonun başına gətirilənləri B.Saakyan və digərlərinin də başına gətirilməsini təşviq edəcəkdir”.

M.Əhmədoğlunun fikrincə, Sammit zamanı və ərəfəsində bir sıra əlavə diqqət çəkən hadisələr də baş verdi:

“Prezident S.Sərkisyan BMT TŞ-nin 4 qətnaməsinin Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulmadığını bəyan etdi. Onun bu bəyanatı Avropa ölkələrinin prezidentləri komandasında neandertal düşüncəli şəxsin olduğunu göstərdi. Dağlıq Qarabağdan və ətraf ərazilərdən erməni işğalçı qoşunlarının çıxarılması BMT TŞ-nin 4 qətnaməsinin əsas mahiyyətidir. S.Sərkisyan Ermənistan ordusunu Dağlıq Qarabağa toplamaq üçün əlindən gələn hər şeyi edir.

Ermənistanın böyük bir qrup siyasətçisinin çəkdiyi zəhmət sıfır oldu. Yalnız Avropa Xalq Partiyası S.Sərkisyanın tezisini olduğu kimi dəstəklədi. Qalan heç kim Ermənistanın mövqeyinə dəstək vermədi. Bir qrup erməni ekspertlərinin, o cümlədən Armen Aşotyan və Kayts Minasyan kimi ekspertlərin  cılızlığı aşkarlandı. Bu ekspertlər hətta informasiyanı ilkin mənbədən əldə edib, onu emal edə bilmirlər.

Ermənistanın siyasəti ciddi iflasa uğradı. Bu iflasın Avropa məkanında baş verməsi daha təsirlidir. Avropa Ermənistanın yalançı xristianlığına, miflər üzərində qurulmuş tarixinə və saxta siyasətinə münasibət göstərdi. S.Sərkisyanın 10 illik prezidentliyinin ən vacib yekunlarından biridir. Çünki antiRusiya mahiyyətli “Şərq Tərəfdaşlığı” Proqramının ortalığa çıxmasında S.Sərkisyanın müstəsna rolu olmuşdu. Həm “Şərq Tərəfdaşlığı” antiRusiyaçılıqdan imtina etməklə reallığa yaxınlaşır, həm də S.Sərkisyanın prezidentliyi məntiqi sonluğunu əldə edir”.

S.Xankişiyeva

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər