Separatçıların yeni yuvası və yaxud erməni lobbisi Rusiyanın maraqlarına necə zərbə vurur?
Rusiya və Azərbaycan qonşu dövlətlər olmaqla yanaşı bir çox sahələrdə səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlıq siyasi sahədə özünü daha qabarıq şəkildə büruzə verir.
Məlum olduğu kimi, Rusiya və Azərbaycan arasında, iki ölkənin rəhbərliyi arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb.
Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər.
Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqlarımızın əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkiniblər.
Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil.
Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir.
Bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı.
Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər.
Azərbaycanda etnik zəmində qarşıdurma yarada bilməyəcəklərinin fərqinə varan sözügedən milli xainlər əllərində olan media resursları vasitəsilə Azərbaycan dövlətini aşağılamaq, ermənilərə xüsusi sevgi və sayğı nümayiş etdirməyə başlayıblar. Bu prosesin Rusiyadan idarə olunması da qeyd etdiyimiz kimi Moskva ilə Bakı arasında gərginlik yaratmağa hesablanıb.
Bu fəaliyyətlərdə adı keçən F.Aboszadə 1981-95-ciillərdə BDU-da işləyib, əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyer sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib, “Politologiya” dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması da “lazımınca“ qiynmətləndirilməyib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflas uğrayıb.
Hələ Azərbaycanda olarkən burada malik olduğu informasiya resurslarında ölkədə etnik qarşıdurma yaratmağa hesablanmış məqalələr, yazılar dərc qələmə alan, çağırışlar edən, daha sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə separatçı fəaliyyətini davam etdirir. Onun Rusiyada fəal işlədiyi çevrələr məhz erməni lobbisi, eləcə də bu ölkədə ermənilərə xüsusi rəğbəti olan müəyyən strukturlardır.
Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyəti”ni Yerevandan Moskvaya köçürüb və bu təxribatı planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən satqın, Vətən xainidir.
Onun erməni sevgisi o qədər böyükdür ki, sözügedən şəxs telekanal əməkdaşlarının böyük əksəriyyətini də məhz Rusiyada yaşayan ermənilərdən formalaşdırıb. Telekanal vasitəsilə cəmiyyətə Cahangir Şıxızadə kimi sıradığı aparıcı da əslində Rusiyada yaşayan erməni Sargis Asatryandır.
Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın maraqlarına və mənafelərinə də xəyanət edilir.
Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətlə bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır.
Millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, Azərbaycan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmova iş, çörək versə də, Rusiyaya sığınan bu şəxslər vətənlərinə xəyanət etmiş insanlardır. Bu gün sözügedən şəxslər erməni xüsusi xidmətləri və Rusiyanın müəyyən dairələrinin əlində oyuncağa çevriliblər.
Deputat bildirib ki, Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin timsalında Azərbaycan əleyhinə aparılan fəaliyyətin əsasında daha çox xaricdə müəyyən antiazərbaycan mərkəzlərini genişləndirmək siyasəti durur:
“Azərbaycanın inkişafı, qazandığı böyük nüfuz və uğurlar xaricdə müəyyən dairələri daim narahat edib. Bu dairələr Azərbaycanın daxilinə nifaq toxumu salmaqla, yaxud da insanlarda yanlış təsəvvür yaratmaqla ölkəmizin inkişafına mane ola bilməyəcəklər. Azərbaycana qarşı aparılan bu aqressiv siyasətin heç bir nəticəsi olmayıb və ola da bilməz. Bu gün hər bir azərbaycanlı ölkəsinin müstəqilliyinin qorunmasına öz təhfəsini verir.
Hesab edirəm ki, sözügedən şəxslərin hərəkətləri Azərbaycan Cinayət Məcəlləsinin tələblərinə cavab verərsə, onlara qarşı hüquqi proses başlana bilər. Ancaq bir məsələ də var ki, bu şəxslər Azərbaycanda onlara qarşı cinayət işi açılmasından istifadə edərək, beynəlxalq aləmdə guya təqib edildiklərini iddia edə və öz çirkin kampaniyalarına yeni bir rəvac verə bilərlər. Rusiyanın bəlli çevrələrinin əlində bir alətə çevrilmiş bu şəxslərdən hər şey gözləmək olar”.
Millət vəkili bildirib ki, onlara qarşı hər hansı bir prosedur bu şəxslərin diqqət mərkəzinə çıxmasına və apardıqları çirkin kampaniyaların daha da genişlənməsinə səbəb ola bilər:
“Əgər onların fikirləri geniş auditoriya toplamırsa və Azərbaycanda dəstək qazana bilmirsə, heç belələrinə əhəmiyyət verməyə dəyməz. Bu gün 10 milyonluq Azərbaycan üçün qeyd edilən soyadlar heç bir anlam kəsb etmir. Bu xəyanətkarlar heç bir zaman xalqın diqqətini cəlb edə bilməzlər”.
Məsələyə münasibət bildirən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu 1news.az-a açıqlamasında ölkəmizə qarşı separatçı meyllərin artmasını Azərbaycandakı sabitliyin bəzi dövlətləri narahat etməsi ilə əsaslandırıb. Keçən əsrin 90-cı illərinin əvvəllərində də ölkəmizə qarşı separatçıların baş qaldırdığını xatırladan politoloq bəzi dövlətləri separatçılara dəstək olmaqda qınayıb:
“Keçən əsrin 90-cı illərində Azərbaycan cəbhədə uğur qazanmaq istəyərkən birdən birə Azərbaycanın cənub və şimal bölgələrində problem yaratmaq istədilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu problemləri həll etdi, başqa separatçıların öz fəaliyyətlərini genişləndirməsinin qarşısını aldı. Görünür ki, separatçı ocaqlar tam yatırılmayıb və Moskvada da müəyyən separatçılara şərait yaradılır. Nəinki Dağlıq Qarabağdakı erməni separatçıları Rusiyanın şəhərlərinə gedib hansısa seminarda, konfransda iştirak edirlər, Azərbaycandakı azsaylı xalqların radikal separatçı elementlərinə Moskvada şərait yaradırlar, onlar televiziya, qəzet, agentlik açırlar və gün ərzində Azərbaycan əleyhinə təbliğat aparırlar”.
Rusiyanın hər yerdə Azərbaycanla tərəfdaş olduğunu, əməkdaşlığı inkişaf etdirməyə çalışdığını vurğuladığını xatırladan E. Şahinoğlu Rusiyadan fərqli olaraq, Azərbaycanda Rusiya əleyhinə heç bir mərkəz olmadığını qeyd edib:
“Azərbaycanda heç bir qrup Rusiya əleyhinə təbliğat aparmır, Azərbaycan hakimiyyəti buna imkan verməz. Çünki bu, Azərbaycan-Rusiya dostluğuna zərər verər. Ancaq niyə Rusiyada Azərbaycan əleyhinə təbliğata imkan yaradır, radikal elementlərin Azərbaycan əleyhinə televiziya, radio, qəzet, agentlik açmasına imkan verirlər? Rusiya rəsmiləri bu məsələyə aydınlıq gətirməlidir”.
Bunun Azərbaycan-Rusiya tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığını deyən E.Şahinoğlu Rusiyadakı erməni lobbisinin Azərbaycana qarşı olan qüvvələrə dəstək verdiyini söyləyib.
“Rusiyada bu işin içərisində erməni lobbisinin olduğu məlumdur. Lakin erməni lobbisi bu işin içərisində olsa da, Rusiyada müvafiq strukturlar, dövlət idarələri bunun qarşısını almalıdırlar. Çünki həmin insanlar Azərbaycanın ərazi bütövlüyünə qəsd edirlər. Bəlkə də həmin mərkəzlər düşünürlər ki, Azərbaycanda sabitlik pozulsa, vəziyyət gərginləşsə, yenə də 1990-cı illərdəki kimi separatizmi daha geniş ərazilərə yaya bilərlər. Bu, xülyadır. Çünki milli azlıqların nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünə sadiqdirlər, ölkənin inkişafında maraqlıdırlar”.
Babək Cahandarov