İtkin düşən alpinistlərin axtarışı davam etdirilir – KLUBDAN AÇIQLAMA

İtkin düşən alpinistlərin axtarışları bu gün də davam etdirilir.
1news.az xəbər verir ki, bu barədə “Gilavar” Hava-Ekstremal İdman Klubunun “Facebook” səhifəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır.
“Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara əl atmaqla hazırda gözüyaşlı gözləyən nə qədər insanın hissləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs belə informasiya verməyib ki, Qəbələdə izlər var.
Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.
1news.az