Sahibə Qafarova: Bəzi Avropa ölkələrinin miqrasiya siyasəti vəziyyəti daha da mürəkkəbləşdirir
Məlum olduğu kimi, hazırda dünyanın bir sıra bölgələrində müharibələr və silahlı qarşıdurmalar yaşanmaqdadır. Bundan ən çox ziyan çəkən isə mülki əhali, əsasən də qadınlar, uşaqlar və qocalardır.
Yaxın qohumlarını, evlərini, iş yerlərini itirən bu insanların bir çoxu nicat yolunu başqa ölkələrə, xüsusən də Avropa üz tutmaqda görür. Məhz buna görədir ki, son vaxtlar kəskin hal alan və dünya dövlətlərini daha çox düşündürən problemlərdən biri də miqrasiya problemidir.
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova ilə həmsöhbət olaraq miqrasiya problemini doğuran səbəblər və bunun nəticələri, Avropa ölkələrində miqrantlara münasibət, problemin həlli yolları və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.
- Sahibə xanım, bildiyimiz kimi, Yaxın Şərq və Afrika ölkələrindən Avropaya miqrantların axını son illər kütləvi hal alıb. Bunun başlıca səbəbləri hansılardır? Nə üçün insanlar öz doğma yur-yuvalarını tərk edərək Avropaya üz tuturlar?
- Ötən əsrin sonlarına doğru, xüsusilə Sovet imperiyasının süqutundan sonra dünyada yeni münasibətlər sistemi formalaşmağa başladı. Artıq bir sıra mərkəzlər 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasının ardından Avropada yeni bir fəlakət dalğasının, müharibələrin qarşısını almağa və sülhün, təhlükəsizliyin təmin olunmasına yönəlmiş formulaları təkrar gözdən keçirməyə, ötən əsrin ortalarında gerçəkləşdirilmiş yenidənqurmanın baza sütunlarını yavaş – yavaş sıradan çıxmağa başladılar. Bu vaxta qədər Yaxın Şərqin müsəlman ölkələrində baş vermiş lokal və qısa müddətli müharibələrin ardından daha geniş miqyaslı qeyri-humanitar proseslərin ilkin işırtıları göründü. 2001-ci ilin 11 sentyabr hadisələri isə yeni dünya nizamının formalaşmasında “milad” rolunu oynadı. Yetişmiş olan və dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin “start düyməsi” basıldı. Mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, hətta hərbi müdaxilələrə gətirib çıxardı. Və Avropanın sərhədləri bir anda barıt çəlləyinə çevrildi.
Yeni nizam qarşıya bir çox dərin iqtisadi, sosial, siyasi problemlər də çıxarıb. Bu sırada hazırda qoca qitənin “yuxusuna haram qatan” miqrasiya problemi xüsusilə aktuallıq kəsb edir. Məlumdur ki, Sovet İttifaqının süqutu çoxlu sayda insanın Qərbə yönəlməsinə səbəb oldu. Yuqoslaviya münaqişələri, Bosniya-Herseqovinadakı silahlı münaqişə, 1999-cu il Kosovo müharibəsi və humanitar böhran 850 mindən çox insanın öz yaşadıqları yerlərdən uzaqlaşmalarına təkan verdi. Daha sonra İraq və Əfqanıstanda işğal, Misir, Liviya, Tunis və digər müsəlman ölkələrində kənardan idarə olunan “inqilab”lar, Suriyada vətəndaş müharibəsi sadəcə bu dövlətləri və onların xalqlarını öz buxovuna almadı, bu, eyni zamanda Qərb dövlətlərini də ciddi təhdid edən başlıca problemə çevrildi.
Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən “İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı” hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır.
- Miqrantlar Avropaya daha çox hansı ölkələrdən gəlirlər və onların sayı barədə dəqiq məlumat varmı?
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181.500 nəfəri Yunanıstana, 108.500 nəfəri isə İtaliyaya daxil olub. Qurumun həmin iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir.
2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər miqrant gəlib. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatıb. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul edib.
Sadəcə bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir.
- Miqrantların kütləvi axını Avropa ölkələrinin iqtisadi-siyasi həyatına necə təsir edir?
- Şübhəsiz, miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac verib.
İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək-qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur. İqtisadi baxımdan inkişaf edən ölkələrə üz tutan miqrant axınlarının qeyri-leqal formaları, onun kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlıqla əlaqəli olan kriminallaşması meylləri, beynəlxalq terrorizm və transmilli cinayət şəbəkəsi tərəfindən istifadə olunması bu gün milli dövlətlərin təhlükəsizliyi üçün yaranan əsas təhlükələrdən biridir.
Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli-siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Miqrasiya axınları dövlətin bütövlüyünü, sərhədlərinin kövrəkliyini, “boz zonaların” yaranmasını şərtləndirir. Özünütəcrid edən “miqrant anklavlarının” yaranması sosial gərginlik mənbəyi kimi çıxış edir.
Avropanın inkişaf etmiş ölkələrinin əsas problemləri əhalinin doğum səviyyəsinin aşağı olması, yaşlanma və işsizlikdir ki, bu da miqrasiya sahəsində dövlət siyasətinin yeni həll yollarının qəbul olunmasına ehtiyacı şərtləndirir. Eyni zamanda miqrantların axını bu ölkələrdə sosial sabitliyə təhlükə yaradır ki, bu da onların miqrantların yeni mühitə uyğunlaşması və inteqrasiyası ilə əlaqədar külli miqdarda maliyyə vəsaiti ayırmasına gətirib çıxarır. Miqrasiya prosesləri səbəbi ilə sosial və etnik münaqişələrin yaranması təhlükəsi qloballaşmış dünyanın mövcud reallıqlarındandır.
- Miqrant axını ilə üzləşən bəzi Avropa ölkələrində rasizmin və ksenofobiyanın artdığını müşahidə edirik. Belə bir hal hansı arzuolunmaz nəticələrə gətirib çıxara bilər?
- Son dövrlər bir sıra ölkələrdə siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiyanı təşviq edən fikirlər bizi narahat etməyə bilməz. Dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar əlbəttə ki, qətiyyətlə pislənilməlidir.
Onu da etiraf etmək lazımdır ki, mövcud miqrasiya reallığına uyğun olaraq hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata keçirilməsi zərurəti yaranır. Yuxarıda sadalanan problemləri nəzərə alsaq onda bir sıra dövlətlərin öz milli təhlükəsizliyinin qeydinə qalması başadüşüləndir. Amma necə deyərlər, məqsədə gedən yolda istifadə olunan metod və vasitələr yanlışdır. Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul edib. Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını verib. Yaxın keçmişin acı nəticələri isə tətbiq olunan siyasətin nəinki problemin həllinə rəvac vermədiyini, əksinə, onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdiyini göstərir.
Miqrantlara qarşı çıxışlarda çox zaman onların gəlişinin iqtisadi nəticələri deyil, fərqli dinlərin, irqlərin nümayəndələrinin ölkəyə mədəni, demoqrafik təsirləri qabardılır. Bununla da, liberal demokratiya nümunəsi hesab edilən bir çox Avropa ölkələrinin, əslində, bəzi liberal dəyərlərdən, o cümlədən çoxmədəniyyətlilikdən, dini, irqi dözümlülükdən imtina etməsi özünü göstərir. Avropa İttifaqına daxil olan ölkələrdə liberalizmin böhranı və milliyyətçi sağçıların siyasi hakimiyyətə gəlişi, şübhəsiz, liberal prinsiplər əsasında qurulmuş İttifaqın özünün də ciddi böhran və sarsıntı keçirməsinə, real struktur kimi bundan sonrakı fəaliyyətinin səmərəliliyinin sual altına alınmasına səbəb olub.
- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Miqrasiya problemini necə həll etmək olar?
- Bu günə qədər Avropada miqrant məsələlərin həllinə dair bir sıra sənədlər qəbul olunub, əhalinin miqrasiyasının müxtəlif aspektlərinin müzakirə olunduğu beynəlxalq konfranslar, görüşlər və danışıqlar baş tutub. Bütün bu proseslərin daha təkmilləşmiş ümumi miqrasiya siyasətinin yaradılmasında vacibliyi elmi araşdırmalarda da öz əksini tapıb.
Azərbaycan nümayəndə heyətinin üzvü kimi təmsil olunduğum Avropa Şurası Parlament Assambleyasında da bu mövzuda xeyli müzakirələr təşkil olunmuş və müxtəlif hesabatlar, qətnamələr qəbul olunub. Həmçinin AŞPA-nın təşkilatçılığı ilə müxtəlif dövlətlərdə miqrasiya probleminə həsr olunmuş iclaslar keçirilib. Elə dekabrın 7-8-də keçirilən mənim sədrlik etdiyim AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin iclasında da Beynəlxalq Miqrant Günü, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və xilasetmə əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların inteqrasiyası və məcburi təhsilə cəlb edilməsi, qaçqınların və miqrantların insan alverinin asan hədəfi olması, məcburi köçkünlərin humanitar ehtiyacları kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, müəllifi olduğum “Miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması” mövzusunda məruzə də bu iclasda müzakirə olunub. Sözügedən məruzədə də miqrantlara, o cümlədən müsəlman icmalarına münasibətdə həyata keçirilən siyasət, onlara qarşı diskriminasiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər və bu sahədə vəziyyət, miqrantların inteqrasiyası, miqrantların diaspor cəmiyyətləri ilə əlaqələrinin genişləndirilməsi, diaspor cəmiyyətlərinin miqrantların inteqrasiyasında rolu və digər məsələlər geniş əks olunub.
Nəhayət, ortaya haqlı “Nə etməli?” sualı çıxır. Bu zaman yenə də keçmiş təcrübələrə istinad etmək ehtiyacı yaranır və biz belə bir faktı dilə gətirməli oluruq ki, Böyük Avropanı yaradan torpaqlar və dənizlər vasitəsilə fərdlərin və xalqların daimi hərəkəti olmasaydı, köhnə qitədə həyat indi çox fərqli olardı. Avropa dəyərlərinin formalaşmasında, müxtəlif mədəniyyətlərin, inanc və ənənələrin yaranmasında və mühafizəsində miqrantların və ya onların övladları olan alimlərin, siyasətçilərin, tanınmış mütəfəkkirlərin xidmətləri danılmazdır.
Statistika, tədqiqat və yerlərdə müşahidə qaçqınların sosial-iqtisadi və mədəni inteqrasiyasını alqışlayan ölkələrin ən uğurlu olduğunu aydın göstərir. İxtisaslı kadrların axını Avropanın əmək bazarının möhkəmləndirilməsinə öz töhfəsini verir. Siyasi, sosial və mədəni sahələr yeni təkan alır. Onu görə də, miqrantlara qarşı qapını bağlamazdan, onlara qarşı qeyri-insanı davranışları, ən sərt polis tədbirlərini gündəmə gətirməzdən əvvəl bir daha yenidən düşünməli, bu prosesi ən insani üsullarla və hamıya fayda gətirəcək metod və vasitələrlə həll etməyin yolunu axtarmalıyıq.
Hamımız bizi birləşdirən, birgə, təhlükəsizlik və sülh şəraitindən yaşamağımızı təmin edən dəyərlərin nədən ibarət olduğunu unutmamalıyıq. 60 ildir bizi yaşadan və qoruyan formula sahib çıxmaq hamımızın mənəvi borcumuzdur. Ona görə də, multikulturalizm dəyərlərini, mədəniyyətlər arasında dialoq və xoşgörünü qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir. Ən azından Azərbaycanın ortaya qoyduğu nümunə bu əminliyi yaradır ki, multikulturalizm, tolerantlıq, fərqli dinlərə və millətlərə qarşı xoş münasibət cəmiyyətlərdə bütün problemlərin açarıdır. Diskriminasiyanın olmadığı, xalqlara və dövlətlərə münasibətdə çoxstandartlılığın təmin edilmədiyi bir şəraitdə bu gün həlli mümkün görünməyən bir sıra problemləri həll etmək çox daha asan olacaq.
Və, ən nəhayət, miqrasiya bir dövlətin, xalqın, toplumun, dini dünya görüşünün problemi olaraq qəbul oluna bilməz. Sadalananlardan da aydın olduğu kimi, bu hamını təhdid etdiyi üçün problemin həllinin birinci yolu da birgə əməkdaşlıqdır. Dərk etməliyik ki, gün keçdikcə daha da təhlükəli nəticələr doğuran miqrasiya və miqrant böhranını aradan qaldırmadan ümumqitə təhlükəsizliyindən danışmaq yersiz olacaq.
1news.az