Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
Ermənistan dövləti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasət həyata keçirir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi “Böyük Ermənistan” xəritəsi kiçik formatda Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz) sahillərini əhatə edirdi.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədovun Ermənistanın Azərbaycana qarşı 30 il ərzində davam edən ərazi iddiaları və hərbi təcavüzünə dair təhlili məqaləsini təqdim edir.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” otelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Həmin ilin oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi keçirildi ki, bu da ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım oldu.
Həmin il noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində dərc olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal oldu. Həmin ay Moskvada ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında əsassız tələblərini irəli sürdülər və Ermənistan SSR-in Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edilərək onların Azərbaycana deportasiyasına başlanıldı.
Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. Belə ki, 1987-ci il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında Ermənistandan gələn millətçilər tərəfindən hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etdilər.
1988-ci il əvvəllərində ilk vaxtlar ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar. Ayın 12-də ermənilər DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə muxtar vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər.
Bütün bunların nəticəsi kimi, 1988-ci il fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqazidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyalarına zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi. Bununla yanaşı, fevral ayında Ermənistandan azərbaycanlıların zorakılıqla qovulması da artıq kütləvi hala çevrilmişdi. Ayın 21-də ermənilər tərəfindən Yerevanda qalmış son məscid də dağıdıldı. Fevralın 23-də etnik təmizləmə siyasəti həyata keçirən ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər.
Nəhayət, 1988-ci il fevralın 24-də ilk qan töküldü. Ermənilərin uydurduğu kimi yox, əksinə, ilk qanı məhz ermənilər tökdülər. Əsgəran rayonunda Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirdikdən sonra Ağdam rayonunun sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda qarşıdurma olub, 19 nəfər yaralanıb.
1988-ci il martın 24-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Qərarda göstərilirdi ki, vilayətdə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə 500 milyon manat vəsait ayrılmışdır. Lakin qərar regionda sosial-iqtisadi inkişafın respublika vəziyyətindən doğmur, onun qəbul edilməsinə xüsusi ehtiyac duyulmurdu. Həqiqətən də baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların SSRİ rəhbərliyindəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq 1988-ci ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi silahlı hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı və dağıdıldı. 1988-ci ilin noyabr ayında ermənilər Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddətdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskəni boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı Azərbaycana qovulmuşdur.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” adı altında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Komitənin tərkibi 5 nəfər rus, 2 nəfər erməni, 1 nəfər azərbaycanlıdan ibarət olub.
SSRİ rəhbərliyi tərəfindən guya vəziyyəti sabitləşdirmək üçün A.Volski başda olmaqla DQMV-də yaradılan bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və regionda vəziyyəti sabitləşdirmək adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun “fəal səyləri” nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən İttifaqın tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. Belə ki, o dövrdə SSRİ Plan Komitəsinin hesabat sənədlərində Dağlıq Qarabağ əslində on altıncı müttəfiq respublika kimi əlahiddə göstərilirdi.
Nəticədə, Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi dövrdə Xankəndidən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə, vilayətin azərbaycanlılar yaşayan bir sıra kəndləri də komitənin “köməyi” ilə məqsədəuyğun şəkildə boşaldılır və vilayətin yaşayış məntəqələrindən qovulmuş azərbaycanlıların bir qismi Şuşaya pənah gətirirdilər. Ümumiyyətlə, A.İ.Volskinin “ciddi qayğısı” sayəsində vilayət demək olar ki, Azərbaycan hökumətinin nəzarətindən çıxmışdı.
Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Bu qərar hələ bu günə qədər qüvvədədir.
1990-cı il iyulun 25-də qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi haqqında SSRİ prezidentinin “SSRİ qanunvericiliyi ilə nəzərdə tutulmamış silahlı dəstələr yaradılmasını qadağan etmək və silah qanunsuz saxlandığı hallarda onu geri almaq haqqında” fərmanı qəbul edildi. SSRİ prezidentinin bu fərmanı da Ermənistan rəhbərliyi tərəfindən qəbul edilmədi və yeni seçilmiş parlament elan etdi ki, fərman Ermənistan, həmçinin Dağlıq Qarabağ ərazisində hüquqi qüvvəyə malik deyil. Ermənistan rəhbərliyi SSRİ prezidentinin fərmanına cavab olaraq bildirdi ki, erməni silahlı qüvvələri silahları təhvil verməyəcəklər. Artıq Ermənistan təkcə Azərbaycana deyil, eyni zamanda, SSRİ-yə qarşı müharibə vəziyyətində idi. Lakin mərkəzin laqeydliyi və bir çox hallarda bilərəkdən hadisələrə prinsipial yanaşmaması erməniləri bir qədər də ruhlandırdı və daha böyük cinayətlərə sövq etdi.
Bununla yanaşı, ermənilərin sovet ordusunun hərbi hissələrinə hücumu zamanı çox asanlıqla və maneəsiz olaraq silahları ələ keçirmələri onu göstərirdi ki, həmin silahlar onlara satılmışdı. Artıq mütəmadi hal alan hücum və basqınlarla silahların ələ keçirilməsinə mərkəzi hakimiyyət tərəfindən etinasızlıq göstərilir və bilərəkdən göz yumulurdu. Azərbaycanda isə əksinə, yanvar ayından fövqəladə vəziyyət tətbiq olunmuş və əhalidə olan quş tüfəngləri belə yığılmışdı.
Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşurutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəti¬cədə, Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Ermənistanın bu hərbi təcavüzü nəticəsində 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz yandırıldı, dağıdıldı və talan edildi. Yüzlərlə mülki əhali isə soyqırımı və təcavüzə məruz qalaraq doğma yurdlarından didərgin düşdü.
1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı qovuldu. Ermənilər tərəfindən 217 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi. Göstərilən illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 119 obyekt və 1134 azərbaycanlı evi ermənilər tərəfindən dağıdılmışdır.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 11-12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu, onlarla mülki əhali isə soyqırımı və təcavüzə məruz qalaraq doğma yurdlarından didərgin düşdü.
Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanlar bir yerdə təsərrüfat quyusuna tökülərək basdırılmışdır. Qaradağlı soyqırımı zamanı əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur.
1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu bütün Yuxarı Qarabağ iş¬ğal etdi. Ermənilərin öz məlumatlarına görə, Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilərin tərəfində xaricdən gətirilmiş terror dəstələri və muzdlular da döyüşürdülər. Nəticədə, 24 min əhalidən, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.
1988-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (4,4 min kvadratkilometr) Ermənistan silahlı qüvvələri tərəfindən bütünlüklə işğal edildi. Bununla yanaşı, bu dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6500 nəfər məcburən köçkün düşmüşdür. Hazırda 699 kvadratkilometr ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8 faizi işğal olunmuşdur. 1990-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Kərki kəndinin işğal olunmasında Ermənistan ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak etmişdilər. Kərki kəndi hazırda işğal altındadır.
1992-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərliyi silahlı təcavüz nəticəsində Dağlıq Qarabağı, bu bölgənin hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının “öz müqəddəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15 faizi) öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən, ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Hazırda Azərbaycan ərazisinin 20 faizi (17,2 kvadratkilometr) Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhə-miyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alıınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
1news.az