Putinin mesajları və Qərbin reaksiyası: qlobal təhlükəsizlik təhlükədə
Prezident Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində dünyanı maraqlandıran bir sıra məqamlara toxunub. Orada Rusiyanın daxili həyatının əsas məqamlarına diqqət çəkilməklə yanaşı, qlobal geosiyasət üçün son dərəcə əhəmiyyətli olan məsələlərə də yer ayrılıb.
Lakin düşündürücüdür ki, dünya KİV-də Vladimir Putinin yeni silahlarla bağlı ifadə etdiyi fikirlərdən bəhs edirlər. Rusiyanın sosial-iqtisadi vəziyyətinin aktual aspektlərinə diqqət yetirən yoxdur. Bunun başlıca səbəbi böyük güclər arasında dialoqa deyil, nüfuz uğrunda mübarizəyə daha çox üstünlük verilməsidir. Bu məqamlar bütövlükdə dünyanın ciddi təhlükələrə məruz qala biləcəyi proqnozunu aktuallaşdırır. Hazırda ABŞ-la Rusiya arasında "kimin silahı daha güclüdür" mövzusu ətrafında informasiya savaşı gedir. Bunun fonunda isə tərəflərin masa arxasına qayıtması ehtimalı çox az görünür. Belə bir vəziyyət dünyanı haraya apara bilər? Bu suala cavab üzərində geniş dayanmağa ehtiyac vardır.
Putinin müraciəti: insan rifahı, həyat səviyyəsi və demoqrafiya
Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə builki müraciəti zamanı ifadə etdiyi fikirlər bütün dünyanın böyük marağına səbəb olub. Qonşu dövlətin başçısı ölkənin müxtəlif sahələrində mövcud olan vəziyyəti xarakterizə etməklə yanaşı, yeni silahlardan da bəhs edib. Maraqlıdır ki, dünyada da onun söylədiklərinin silahlarla bağlı hissəsinə daha çox diqqət yetirilir. Hələ də aparılan müzakirələrin tam əksəriyyəti bu məsələyə həsr edilib. Səbəb nədir? Suala cavab verməzdən öncə V.Putinin nitqinin bir sıra məqamları üzərində dayanaq.
Rusiyanın dövlət başçısı ölkədə geniş islahatların aparıldığını vurğulayıb. Əldə edilən bir sıra nəticələri sadalayıb. Məsələn, aqrar sahədə 2017-ci ildə son illərin ən çox məhsulu hazırlanıb. Bu, hətta SSRİ dövründəkindən də artıqdır. Lakin elə sahələr də var ki, onların köklü surətdə yenidən qurulması gərəkdir. Texnologiyaların tətbiqi buna misal ola bilər. Yol tikintisini keyfiyyətcə yeni səviyyəyə yüksəltmək lazımdır. Demoqrafiyada fəlakətli durum mövcuddur.
V.Putin Rusiyanın inkişafının əsas faktorunun "insan rifahı" olduğunu vurğulayıb. O bununla bağlı deyib: "İnsanların həyat səviyyəsi və rifahının təmini baxımından vacib vəzifənin öhdəsindən, əlbəttə, lazım olduğu səviyyədə gələ bilməmişik. Ancaq biz bunu etməliyik və edirik" (bax: Что рассказал Владимир Путин стране и миру в послании Федеральному собранию / РИА Новости, 1 mart 2018).
Demoqrafiyada isə keçən əsrin 90-cı illərində olan itkilər özünü göstərir. Uşaqların sayı azalmaqda davam edir. "1990-cı illərin azsaylı nəsli ailələr qurmağa başlayıb – bu, sadəcə, obyektiv faktdır" (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, V.Putin hesab edir ki, "dövlət uşaq bağçaları məsələsini həll edib".
Prezident sözlərinə davam edərək kənd təsərrüfatı mövzusunun mürəkkəb olduğunu etiraf edib. Bir tərəfdən son ildə Rusiyada 134 milyon ton məhsul yığılıb. Bu, yüksək göstəricidir. Digər tərəfdən isə böyük təsərrüfatlar kiçikləri bazardan sıxışdırır. Buna görə də orta və kiçik biznesə dəstək artırılmalı, fermerlərə yardım edilməlidir.
Bütün bunların fonunda ölkənin əsas infrastrukturunun modernləşməsi və genişlənməsinin kompleks planı hazırlanmalıdır. "Bunu gələcək hökumətin ilk vəzifələrindən biri hesab edirəm" (bax: əvvəlki mənbəyə). Deməli, Rusiyada infrastrukturun inkişaf etdirilməsi prosesində ciddi yeniliklər olmalıdır. Görünür, burada digər faktorlarla yanaşı, yeni texnologiyaların tətbiqi məsələsində də çətinliklər qalmaqdadır.
V.Putinin daxili vəziyyətlə bağlı ifadə etdiyi fikirlərdən aydın olur ki, ölkədə müəyyən irəliləyiş var, lakin sistemli və ardıcıl islahatlardan bəhs etmək çətindir. Xüsusilə böyük dövlətlər üçün əhəmiyyəti olan yeni texnologiyalar və dövlət idarəçiliyinin müasir üsulları sahəsində Rusiya ABŞ və Avropadan çox geridədir.
Müqayisə üçün ekspertlər Norveçdə gələcək nəsillər üçün toplanmış vəsaitlə, bu ölkədən dəfələrlə potensiallı və ərazicə böyük olan Rusiyanın nəticəsini gətirirlər. Norveç artıq 1 trilyondan çox ABŞ dolları həcmində vəsait toplayıb. Rusiyada isə bu rəqəm bir neçə dəfə azdır. Bunun səbəbini mütəxəssislər yeni texnologiyaların tətbiqi ilə yanaşı, məhz idarəetmədə olan qüsurlarda görürlər. Qısa deyilsə, Rusiya hələ sözün tam mənasında sosial dövlət ola bilməyib.
Yeni silahlar: iki supergücün hədələri və söz dueli
Ancaq hərbi-müdafiə sahəsində mənzərə tamamilə fərqlidir. Vladimir Putin çıxışında istehsal etdikləri yeni silahları və onların gücünü nümayiş etdirməyə üstünlük verib (bax: Нас услышали: как отреагировали страны Запада на речь Владимира Путина / Forbes.ru, 3 mart 2018). Onların sırasında yeni nüvə başlıqları daşıya biləcək ballistik raketlər, kiçik nüvə mühərriki ilə işləyə bilən raketlər, insansız idarəolunan sualtı qayıqlar, dünyanın istənilən nöqtəsini vura biləcək raketlər vardır.
Analitik və ekspertlərin diqqətini çəkən məqam V.Putinin bu yeni silahları Qərbə müraciət kontekstində təqdim etməsi olub. Konkret olaraq Rusiya dövlət başçısı silahları təqdim etməzdən öncə deyib ki, "bizi indiyə qədər dinləmək istəməyiblər. İndi dinləsinlər" (bax: "Нас никто не слушал". Путин представил новые разработки российского ядерного оружия / Forbes.ru, 1 mart 2018). Bunun ardınca Rusiya dövlət başçısı yeni silahların özəlliklərini xarakterizə edib.
Həmin silahların ən alçaq yüksəklikdə uçaraq heç bir radarla yaxalanmamaq kimi özəllikləri var. Faktiki olaraq qarşıya çıxan istənilən maneəni aşmaqla əvvəlcədən nəzərdə tutulan hər bir hədəfə çata bilərlər. Bununla da V.Putin icad etdikləri yeni silahlara qarşı dünyada heç bir müdafiə sisteminin olmadığını bəyan edib.
Bu fikirlərə Pekin, Vaşinqton və Brüsseldən dərhal reaksiyalar verilib. Çin diplomatları V.Putinin mesajlarını dinlədiklərini deyir, eyni zamanda, ABŞ-ın son hərbi doktrinasını da xatırladırlar. Onlar Rusiya Prezidentinin fikirlərinin faktiki olaraq Amerikanın hərbi doktrinasına cavab olduğunu ifadə edirlər. Bununla yanaşı, Rusiya-Çin münasibətlərinin yüksək səviyyədə olduğu da vurğulanır.
Vaşinqton məsələyə həm həyəcanlı, həm də sərt münasibət bildirib. Pentaqon generalları ölkənin istənilən təhdidə qarşı hazır olduğunu vurğulayıblar. General Con Hayten isə bəyan edib ki, ABŞ-ın sualtı qayıqlarının harada olduğunu ruslar bilmirlər və onlar istənilən vaxt Rusiyanı məhv edə bilərlər (bax: В Пентагоне заявили о возможности уничтожить Россию с помощью подлодок / РИА Новости, 9 mart 2018).
Mütəxəssislər bu söz duellərini təhlükəli hesab edirlər. Məsələn, Brukinqs İnstitutunun silahlar üzərində nəzarət və silahların yayılmaması üzrə direktoru Stiven Payfer açıq ifadə edib ki, "mən narahatam, çünki bilmirəm təkan haradan başlaya bilər. Moskva və Vaşinqton silahlar üzərində nəzarət haqqında ciddi dialoqa başlamalıdırlar" (bax: Нас услышали: как отреагировали страны Запада на речь Владимира Путина / Forbes.ru, 3 mart 2018).
Belə çıxır ki, dünyanın böyük gücləri arasında yeni səviyyədə rəqabət başlamaqdadır. Onlar başlıca olaraq silahlanma sahəsində yarışa girişirlər. Lakin bunun arxasında dünyada nüfuz mübarizəsi dayanır. Onun mərkəzi punktu isə təhlükəsizlik problemidir. Hiss olunur ki, supergüclər qlobal təhlükəsizlik məsələsində ortaq mövqeyə gələ bilmirlər. Onlar arasındakı ixtilaf getdikcə daha da güclənir. Təsadüfi deyil ki, Vladimir Putin Federal Məclisə müraciətində tərəfdaşları danışıqlara dəvət etməklə bağlı da fikir ifadə etmişdi.
Çox düşündürücüdür ki, Vaşinqtondan buna cavab yoxdur, lakin cavab hədələri kifayət qədərdir. Buradan hansı nəticə alınır? Görünür, böyük dövlətlər danışıqlardan sözdə bəhs edirlər, real olaraq isə öz maraqlarına uyğun "danışıqlar"a hazırdırlar. Bu isə müxtəlif regionlarda, əsasən müsəlmanların yaşadıqları məkanlarda qan tökülməsinə, yeni silahları sınaqdan keçirməyə, bir-birinə zərbə vurmağa aparıb çıxarır. Arada həlak olan müsəlmanlardır, dağılan ölkələr müsəlmanlarındır, məhv olan müsəlmanların dövlətçiliyidir! Müsəlmanların əksəriyyəti isə uyuyurlar. "Uyuyan millətlər ya yox olur, ya da kölə kimi ayılırlar" (Atatürk)!
Newtimes.az