Aİ-Rusiya münasibətləri: ABŞ-ın İran siyasəti fonunda

Vaşinqtonun İsraildəki səfirliyini Qüdsə köçürməsinə və İranla nüvə sazişindən çıxmasına Moskva və Brüssel reaksiya verərək açıqca narazılıqlarını ifadə edirlər.
Bunun fonunda isə analitik və ekspertlər Avropa ölkələri ilə Rusiyanın qarşılıqlı əlaqələrində hansı dəyişikliklərin baş verə biləcəyini müzakirə edirlər. İrəli sürülən fikirləri bir məqam birləşdirir: Amerikanın atdığı addımlar dünya siyasətində tarazlığı poza bilər. Geosiyasi mühitdə qüvvələr nisbətinin dəyişməsi ehtimalı vardır. Burada Avropa İttifaqı ilə Rusiya ciddi rol oynaya bilərlər. Lakin həmin prosesin yolunda əngəl ola biləcək faktorlar da mövcuddur. Ekspertlərin qənaətinə görə, Krım və Donbas məsələləri bu sıraya daxildir. Onda bütövlükdə qlobal miqyasda və Avropa-Rusiya münasibətlərində düşündürücü vəziyyətin yarandığını deyə bilərik. Bu tendensiya ümumilikdə hansı geosiyasi vəziyyətə səbəb ola bilər? Bu sualın cavabı üzərində geniş dayanmağa ehtiyac görürük.
Vaşinqtonun sərtliyi: Brüssel və Moskvadan necə görünür?
ABŞ-ın İranla imzalanan sazişdən çıxması və yeni şərtlər irəli sürməsi Avropa İttifaqı və Rusiyanın qlobal geosiyasi proseslərdə rollarının hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı suallar meydana çıxarıb. Analitiklər bununla bağlı proqnozlarını irəli sürürlər. Onlardan aydın olur ki, hansısa dəyişiklik gözləntisi var. Yəni Vaşinqtonun atdığı addımlar bütövlükdə qlobal siyasətin strukturunda və qüvvələr nisbətində dəyişiklik edə bilər. Maraqlıdır ki, bizə məlum olan fikirlərdə bu dəyişikliyin Amerikanın xeyrinə olmayacağı tezisləri üstünlük təşkil edir. Xüsusilə ekspertlər ABŞ-Aİ-Rusiya "üçbucağı"nda gözlənilən geosiyasi yenilikləri məhz bu müstəvidə qiymətləndirirlər.
Rusiyalı ekspertlər ümid edirlər ki, Rusiya ilə Aİ arasında gərginliyin aradan qaldırılması mümkündür. Özü də birbaşa Vaşinqtonun İranla bağlı yeritdiyi siyasətin fonunda bunun baş verməsi üçün şərtlər meydana gəlib. Onlar hansılardır? Hər şeydən öncə, belə düşünülür ki, Amerikanın tətbiq etdiyi sanksiyalar avropalı şirkətlərə ciddi maliyyə zərəri verir. Məsələn, ABŞ-ın Avropaya göndərilən polad və alüminiuma qoyduğu yeni rüsumlarla yanaşı, Rusiyanın "Rusal" şirkətinə qarşı tətbiq edilən sanksiyalardan Avropa şirkətləri milyardlarla ziyana düşürlər.
Bu prosesin qarşısını almaq üçün Avropanın böyük dövlətləri artıq hərəkətə keçiblər. Açıq deyilməsə də, görünür, siyasi liderlərə iş adamları təzyiq edirlər. Onlar öz maraqlarının təmin olunmasını və siyasətə qurban getmək istəmədiklərini bildirirlər. Buna görədir ki, Fransa və Almaniya rəhbərləri bir-birinin ardınca Soçiyə Vladimir Putinlə danışıqlara gəldilər. Onların əsas müzakirə mövzusu əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı olub. KİV-in yaydığı məlumata görə, Emmanuel Makron bu dəfə xeyli yumşaq danışıb, şərtləri kəskin qoymayıb.
Angela Merkelin də Vaşinqtondan sonra Soçiyə gəlməsi və bir sıra məsələlərdə Rusiya ilə həmfikir olduğunu nümayiş etdirməsi diqqətləri çəkib. Son illər Almaniya Amerikanın təsiri altında qalmaq istəmədiyini hər fürsətdə ifadə edir. Xüsusilə təhlükəsizlik sahəsində Berlin Avropanın özünün konkret addım atmasını arzu edir. Bu prizmadan Berlinin İrana və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ən azından yumşaldılması, yaxud Avropa şirkətlərinin ziyan görməməsinin təmin edilməsi istəyi normal görünür.
Yaranmış vəziyyətə Aİ-nin təşkilat olaraq münasibəti Almaniyadan fərqlənmir. ABŞ polad və alüminiuma əlavə vergi tətbiq etməyə başlayandan sonra Avrokomissiyanın rəhbəri Jan-Klod Yunker bəyan etmişdi ki, "Moskvanı qaralamağa son qoyulmalıdır" (bax: Воспользоваться ссорой. Как России извлечь выгоду из спора ЕС и США / "РИА Новости", 3 iyun 2018).
Bununla kifayətlənmədilər. Sofiyadakı sammitdə Aİ ölkələri Amerika enerji daşıyıcılarının idxalını artırmağa hazır olduqlarını bəyan edib, əvəzində, əlavə verginin ləğvini istədilər. Bundan başqa, İrana məhdudiyyətlərin gücləndirilməsini müzakirə etməyə hazır olduqlarını da ifadə etdilər. Ancaq Vaşinqton bütün bunların hamısını rədd etdi. Bundan sonra avropalı liderlər üzlərini Moskvaya tərəf çevirdilər.
İndi J.-K. Yunker deyir: "Fikirləşirəm ki, Rusiya ilə əlaqələri bərpa etmək lazımdır ... Biz nəzərə almalıyıq ki, Avropa İttifaqının ərazisi bütövlükdə 5,5 milyon kvadratkilometrdirsə, Rusiyanın ərazisi 70,5 milyon kvadratkilometrdir" (bax: əvvəlki mənbəyə). Bunlardan belə təəssürat yaranır ki, ABŞ-ın İran siyasəti faktiki olaraq Aİ ilə Rusiyanı geosiyasi planda yaxınlaşdırır. Lakin ekspertlərin də vurğuladıqları kimi, bu, elə də sadə vəziyyət deyil.
Yeni geosiyasi konfiqurasiya: imkanlar və ziddiyyətlərin işığında
Problem ondan ibarətdir ki, Brüssel bir sıra geosiyasi istiqamətlərdə Rusiyanın hərəkətlərini qəbul etməyəcəyini də vurğulayır. Jan-Klod Yunker bununla bağlı konkret deyir: " ... Biz Rusiyanın Krımda və Ukraynada etdiklərini qəbul edə bilmərik ... " (bax: əvvəlki mənbəyə). Moskva isə Krım və Donbasla bağlı mövqeyini dəyişmək niyyətində olmadığını dəfələrlə bəyan edib, eyni zamanda, hərəkətləri ilə də sübuta yetirib. Qərbin ciddi etirazlarına baxmayaraq, Rusiya Krım körpüsünü tikdi, Ukraynanın şərqində mövqeyini saxlayır və maraqlarını təmin etmək üçün Ukrayna ərazisində fəaliyyətini daha da intensivləşdirib.
Deməli, faktiki olaraq Aİ-Rusiya münasibətləri iki ziddiyyətli faktorun arasında "sıxılıb". Bir tərəfdən, Amerikanın təzyiqləri əsasında onların yaxınlaşması zərurəti yaranıb, digər tərəfdən isə Ukrayna məsələsinə görə aralarındakı mövqe uyğunsuzluğu öz aktuallığını saxlayır. Bu vəziyyətdən necə çıxmaq olar?
Rusiyalı mütəxəssislərin fikirləri maraqlıdır. Andrey Kortunov (Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru, siyasi elmlər namizədi) deyir: "Rusiya ilə Aİ arasında gərginliyin aradan qaldırılması mümkündür. Hər iki tərəfi buna təhrik edən şərtlər mövcuddur. Makron və Merkelin səfər etməsi faktı çox müsbətdir: axı, uzun müddət idi ki, Fransa və Almaniya liderləri Rusiyaya gəlmirdilər. Beynəlxalq gündəm yaxınlaşmanı diktə edir: İranın nüvə sazişi və ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələlərində Moskva ilə Aİ dövlətləri həmrəydirlər. Bundan başqa, Avropa İttifaqında seçki dövrü qurtardığından, yeni siyasi mərhələ başlayır. Bu məqamlarda həmişə nəyi isə yeni qaydada etmək arzusu yaranır, yeni ideyalar şans qazanır" (bax: əvvəlki mənbəyə).
Onun fikrincə, bunun üçün Rusiya Aİ ölkələrinin ABŞ-ın İran sazişindən çıxmasına necə reaksiya verəcəyini diqqətlə izləməlidir. Bu, " ... vacib presedentdir. Təxmin etmək məntiqidir: Aİ Tehranla son nəticədə necə davranacaqsa, Rusiya istiqamətində də eyni qaydada hərəkət edəcək" (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, A.Kortunov Aİ-Rusiya münasibətlərinin gələcəyini Aİ-İran münasibətləri kontekstindən kənar təsəvvür etmir ki, bu da ciddi məqamdır.
Strateji Kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov isə Aİ-Rusiya münasibətlərini Moskvanın maraqlarının təmin edilməsinə bağlayır. Onun fikrincə, Rusiya fürsət gözləməli və ondan istifadə etməlidir. D.Abzalov hesab edir ki, Rusiya sözdən əmələ keçməli, o cümlədən "Türk axını" və "Şimal axını-2" layihələrini Avropaya daha çox qəbul etdirməlidir ki, özü üçün sərfəli vəziyyət yaratsın. Həm də Moskva tələsməlidir, çünki bu ilin avqustu və noyabrında ABŞ-da elə hadisələr baş verə bilər ki, Rusiya üçün açılmış "imkan pəncərəsi" bağlanar (bax: əvvəlki mənbəyə).
Burada bir atalar sözü yada düşür: "keçi can hayındadır, qəssab piy axtarır". Avropa İttifaqı düşdüyü zərərdən çıxmağa çalışır, Moskva isə yaranmış vəziyyətdən istifadə edib, öz maraqlarını ona daha çox qəbul etdirməyə can atır. Əslində, bu, bütün böyük dövlətlərin siyasəti üçün səciyyəvidir. Lakin reallıq da var: Aİ Kremlin bu cür davranışını qəbul edəcəkmi? O, Vaşinqtondan "küsüb", ancaq Rusiyanın şıltaqlığına necə reaksiya verəcək? Təcrübə göstərir ki, Avropa yenə də Amerikanı seçəcək!
Bunlardan belə qənaət alınır ki, Vaşinqton İrana qarşı sərt davransa da və bunun qlobal geosiyasətdəki qüvvələr nisbətinə təsiri olsa da, hələlik hansısa kardinal dəyişiklik üçün zəmin formalaşmayıb. İndiki mərhələdə Aİ-Rusiya münasibətlərində hansısa müsbət işartılar özünü göstərə bilər, ancaq onların real fəaliyyətdə öz əksini tapması təsdiqlənmir. Tərəflər manevrlərini davam etdirirlər.
Bunların fonunda ABŞ rəhbərliyinin həyata keçirdiyi siyasət tədrici də olsa, öz hədəflərinə yaxınlaşır. Mümkündür ki, qəfil vəziyyət yenidən Amerikanın xeyrinə dəyişsin. Hazırda geosiyasi vəziyyət potensial dəyişmələrin mövcudluğu ilə səciyyələnir. Oyunçu aparacaq!
Newtimes.az