Paşinyanın saxta “demokratiya” oyunu: Qərb niyə susur? - TƏHLİL

Məlum olduğu kimi, 2020-ci ilin 16 iyun tarixində “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Onun həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.
Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, Paşinyanın göstərişi ilə təhlükəsizlik qüvvələri aksiyanın qarşışısını aqressiv, kobud formada alıblar; yüzlərlə adam saxlanılıb, aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edilib.
Beləliklə, demokratiyanın təməl prinsipləri-sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı pozulub. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib. Nəticədə koronavirus pandemiyasının fəlakətə çevrildiyi Ermənistanda siyasi vəziyyət gərginləşib.
Əsas məsələ ondan ibarətdir ki, Q.Sarukyan Nikol Paşinyan hakimiyyətini tənqid etdikdən sonra təzyiqlərə məruz qalıb, fəaliyyət imkanları məhdudlaşdırılıb. Paşinyan komandası bununla da Ermənistanda fərqli fikirləri təqib etdiyini, siyasi plüralizmi boğduğunu büruzə verib.
Əslində bənzər hadisələr Paşinyanın hakimiyyətə gəlişinin ilk anlarından, 2017-ci ildən etibarən baş verir. Qərb təşkilatlarının legitim hesab etdiyi seçkinin nəticələrini inqilabi yolla dəyişərək baş nazir postuna yiyələnməklə, Paşinyan hansı yolun xidmətçisi olduğunu göstərmişdi.
Son hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salındı.
Bütün bunların fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?
Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir.
Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu isə onun əl-qolunu daha da açır.
Lakin heç də hər şey Paşinyanın istədiyi məcrada getmir. Belə ki, son hadisələrdən sonra Ermənistanda Paşinyanı diktator hesab edənlərin, onun siyasətindən narazı olanların sayı sürətlə artmaqdadır.
Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ermənistanda totalitar inqilabi diktatura quran Paşinyan hakimiyyətinin müddətini uzatmaq üçün ölkədə siyasi repressiyalar həyata keçirir. N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir.
Bir sıra erməni mətbuatında Paşinyanın və ailə üzvlərinin hakimiyyətdən və dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Bu isə xalqın Paşinyan ailəsinə və Paşinyan iqtidarına qarşı narazılığının daha da artmasına səbəb olur.
Paşinyan hökumətindən narazılığı artıran digər bir səbəb də artıq qeyd etdiyimiz kimi ölkədə pandemiya böhranının yaşanmasıdır. Koronavirus qarşısında aciz qalan hökumət vəziyyətdən çıxış yolu kimi karantin rejiminin daha da sərtləşdirilməsinə qərar verib. Bu isə narazı kütləni daha da qəzəbləndirib. Onlar bunu Paşinyanın siyasi mübarizə üsullarından biri olduğunu düşünürlər və Paşinyanı pandemiyadan siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırırlar.
Hər zaman olduğu kimi bu gün də Ermənistan hakimiyəti xarici qüvvələrin diqtəsi ilə oturub durur. Küçə adamından bir andaca baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.
Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqlarının mövcud olması da qeyd olunmalıdır. Paşinyanın təsiri altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsini əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Paşinyan ötürmüşdü.
Qayıdaq yenə Paşinyanın saxta “demokratiya” oyunu, siyasi rəqiblərinə qarşı repressiya və həbslərin fonunda Qərbin susmağına. Qərbin ikiüzlü siyasəti Ermənistana münasibətdə özünü daha qabarıq şəkildə göstərir.
Qərbin ikili standartlarının ən bariz nümunəsi kimi 2017-ci ildə Ermənistanda keçirilmiş saxta parlament seçkilərini yada salmaq kifayətdir. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi:
“25 il il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.
Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.
Ermənistanda baş verən son hadisələri Trend-ə şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Paşinyan hərəkətlərinə korrupsiyaya qarşı mübarizə donu geyindirməyə çalışsa da, əslində universal dəyərləri öz repressiya siyasətinə alət edir:
“Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır, bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir və korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Əslində isə universal dəyərləri öz repressiya siyasətinə alət edir. Ancaq məsələ bununla da bitmir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir. Artıq 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırılıb və həbs ediləcəyi istisna olunmur.
Hər kəsə bəllidir ki, bütün bunların iki səbəbi var: Birincisi Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi, ikincisi isə məhz Q.Sarukyanın N.Paşinyanın hakimiyyətini daha sərt tənqid etməsi. Hadisənin də bu fonda baş veriməsi bir daha müxalifət liderinin təzyiqlərə məruz qalması və baş verənlərin siyasi təqib olmasının göstəricisidir. Paşinyanın bu addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır”.
Millət vəkili hazırda Ermənistanda ikili böhran – pandemiya böhranı və siyasi böhranın yaşandığını söyləyib:
“Əgər işğalçı ölkədəki daxili vəziyyəti qiymətləndirməyə çalışsaq, bunu ikili böhran dövrü kimi xarakterizə edə bilərik. Bunlardan biri pandemiya böhranı, digəri isə siyasi böhrandır. N.Paşinyanın yeganə məqsədi isə ölkədə siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının müddətini uzatmaqla daha totalitar inqilabi diktatura qurmaqdır. Ancaq bəlkə də bunları işğalçı ölkənin daxili işləri kimi görüb onu gündəmə daşımamaq da olardı.
Lakin məsələ ondadır ki, bütün baş verən bu repressiyalra Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər. Beləliklə, qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir”.
H.Babaoğlu təəssüflə vurğulayıb ki, bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər:
“Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərahal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başladar, uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğrudan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda baş verənərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, Ermənistanın daxili siyasi seqmentində qarşıdurmaların pik həddə çatmağı yeni iğtişaşları doğuracaq:
“Hələ aylar əvvəl proqnozlarımda qeyd etmişdim ki, Paşinyana qarşı daxili siyasi savaş bir neçə ay ərzində öz kuliminasion nöqtəsinə çatacaq. Paşinyan əvvəlcə Ermənistan konstitusiyasını tarimar etməyi qarşısına məqsəd qoydu. Konstitusiya Məhkəməsinin sədri Tovmasyana və ailəsinə qarşı olan hücumlar hakimlərin və məhkəmə sisteminin siyasi iqtidarla münasibətlərini korladı. Ardınca isə Sarkisyan və Koçaryan, onlara bağlı olan qüvvələr Paşinyana qarşı yeni gizli koalisiyanı formalaşdırdılar. Bu koalisiya 3-4 cəbhədə Paşinyan və ailəsinə, həyat yoldaşı Anna Akobyana qarşı informasiya müharibəsi aparırlar. Ermənistan DTK-nin keçmiş sədri, Ermənistanın Vatikandakı keçmiş səfiri Minasyan isə Paşinyan və ətrafını korrupsiyada və dövlət büdcəsini dağıtmaqda ittiham edir.
Paşinyanın siyasi savadsızlığı nəticəsində bu qüvvələr neytrallaşdırılmadan bu dəfə ona qarşı “Çiçəklənən Ermənistan” Partiyası və tərəfdarları tərəfindən yeni müqavimət bloku formalaşdı. Ermənistan bölgədə hüquqa ən rəzil hücumu edərək müxalif millət vəkili Qaqik Sarukyanın mandatını əlindən aldı və həbs etdirdi. Nəzərə alaq ki, Ermənistan müxalifətində təmsil olunan bir xeyli maliyyə mənbəyi, oliqarxiya və biznesmenlər həm də nəhəng oliqarx hesab olunan Sarukyanın ətrafında cəmləşmişdi. Ermənistan müxalifətinin qatı millətçi nümayəndəsi Naira Zoqrabyanın da Paşinyana qarşı sərt bəyanatlarının səsi eşidilməyə başlanıb. Digər tərəfdən, Dağlıq Qarabağdakı qondarma terror rejiminin uydurma seçki şousuna dünyanın mövqeyi və burada da Sarkisyana bağlı olan klanların hələ də rəhbərlikdə təmsil olunmağı Paşinyan üçün daha çətin siyasi nəticələr doğurur”.
T.İsmayılov vurğulayıb ki, Avropa Parlamentinin Qarabağa qanunsuz üçüncü yol çəkilişinə görə tənqidləri Paşinyanın olmayan nüfuzunu daha da zəiflətdi:
“Beynəlxalq təşkilatlar Ermənistandakı qəsbkar rejimə öz layiq olduqları cavablarını verdi. Ermənistanın qanunsuz yol çəkilişinə Avropa Parlamentinin kəskin mövqeyi vəziyyətin Ermənistan üçün heç də yaxşı olmadığını göstərir. Ermənistanda koronavirus pandemiyası ilə mübarizə də uğursuz aparıldı və nəticədə yoluxma və ölüm sayına görə Ermənistandan acınacaqlı mənzərə hökm sürür. Əhalinin pandemiya şəraitində dəstəksiz qalmağı da Paşinyan iqtidarının vəziyyətini pisləşdirir”.
B.Cahandarov