Zikhlərin müdafiəsinə dair beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub - YENİLƏNİB - FOTO
"Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT" adlı beynəlxalq konfransın Yekun Bəyanatı qəbul olunub.
"Report" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, iştirakçılar, xarici ölkələrdə fəaliyyət göstərən zikh fərdləri və təşkilatlarına qarşı repressiya hallarının müxtəlif formaları - gizli müşahidə, qorxutma və təhdid, təqib və təzyiq, dezinformasiya kampaniyaları və zorakılıq aktları vasitəsilə həyata keçirildiyini əks etdirən sənədləşdirilmiş nümunələrin mövcudluğunu dərin narahatlıqla qeyd ediblər. Bu cür praktikalar sərhədlərdən kənarda həyata keçirildiyi zaman, fundamental insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərini və diaspor icmalarının məskunlaşdığı dövlətlərin suverenliyini də əhəmiyyətli dərəcədə zəiflədir.
İştirakçılar, habelə zikh fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra yayılan məlumatlar fonunda Hindistan Hökuməti tərəfindən zikh fəallarına qarşı təzyiq, qorxutma və digər təqib formalarının davam etdirildiyi barədə xəbərləri ciddi narahatlıqla qeyd ediblər. Bildirilib ki, bu cür hallar xüsusilə Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Kanada və Avstraliya ilə yanaşı, İtaliya, Belçika və Almaniya kimi bir sıra Avropa ölkələrində də müşahidə olunur. Sözügedən pozuntular zikh diaspor icmalarının təhlükəsizliyi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması baxımından ciddi narahatlıq doğurur.
BTQ zikh xalqının fundamental hüquq və azadlıqlarını, eləcə də milli və mədəni kimliyini qorumaq istiqamətində apardığı legitim və hüquqa əsaslanan mübarizəyə dəstəyini bir daha təsdiq edir. Bununla yanaşı, BTQ transmilli repressiya halları ilə bağlı məsələlərin beynəlxalq institutların gündəliyində prioritet mövzu kimi qaldırılmasının və bu cür fəaliyyətlərin müvafiq beynəlxalq nəzarət və araşdırma mexanizmləri çərçivəsində hərtərəfli şəkildə araşdırılmasının zəruriliyini vurğulayır.
Bugünkü konfransın iştirakçıları Birləşmiş Millətlər Təşkilatını (BMT), onun müvafiq insan hüquqları mexanizmlərini, eləcə də beynəlxalq ictimaiyyəti aşağıdakı tədbirləri görməyə çağırıb:
"Zikh fəalları və diaspor icmalarını hədəf alan transmilli repressiya halları ilə bağlı məlumatların sistemli şəkildə monitorinqini aparmaq və bu halların hərtərəfli araşdırılmasını təmin etmək;
milli sərhədlərdən kənarda həyata keçirilən qorxutma, təhdid, təqib və ya zorakılıq halları ilə bağlı işlərdə hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsini təşviq etmək;
diaspor icmaları, insan hüquqları müdafiəçiləri və siyasi fəallar üçün beynəlxalq müdafiə və təminat mexanizmlərini daha da gücləndirmək.
Xüsusilə, BTQ və Sikh Federation International beynəlxalq ictimaiyyəti, eləcə də BMT və onun aidiyyəti qurumlarını, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasını, insan hüquqları müdafiəçiləri və azlıqlar üzrə BMT-nin xüsusi məruzəçilərini və digər beynəlxalq mexanizmləri zorakılıq aktlarını törədən şəxslərə qarşı konkret və təsirli addımlar atmağa çağırırlar. Bu əməliyyatların arxasında duran komanda və idarəetmə zəncirini aydınlaşdırmaq, beynəlxalq hüquq pozuntularını qiymətləndirmək və müvafiq hesabatlılıq və hücumların qarşısının alınması mexanizmlərini müəyyən etmək məqsədilə Hindistan hökumətinin hücumları ilə bağlı müstəqil araşdırmanın başlanması üçün BMT-yə çağırış edirlər".
İştirakçılar, qeyd edilən məsələlərə diqqət çəkmək və Hindistandakı zikh və digər icmaların hüquqlarının təmin olunmasına töhfə vermək məqsədilə beynəlxalq forumlarda davamlı iştirak və əlaqələrin davam etdirilməsinə olan öhdəliklərini bir daha təsdiqləyirlər.
18:47
BMT və onun müvafiq qurumlarının zikh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik və dini qrupların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilərək beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlinib.
"Report" xəbər verir ki, bununla bağlı qərar Bakı Təşəbbüs Qrupu (BTQ) və Zikh Federasiyasının birgə təşkilatçılığı ilə Cenevredə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində "Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT" mövzusunda keçirilən beynəlxalq konfransda qərara alınıb.
Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə zikh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir.
Tədbir çərçivəsində çıxış edən BTQ-nin İcraçı direktoru Abbas Abbasov, "Zikh Federation" təşkilatının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabinderjit Sinqh, "Zikh Network" media platformasının sədri Xatkar Jasvinder Sinqh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan zikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox zikh fəalları və etnik azlıqların nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən zikh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır. Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir.
.jpeg)
.jpeg)
.jpeg)













