Yeqoyanın dik başı aşağı “pərvaz etməsi” və ya İrəvan zaldan kömək istəyir

Göydələnin damından başı aşağı uçan pessimistin optimistdən nə ilə fərqləndiyini bilirsinizmi? Pessimist üçün bu, “eniş!”, optimist üçün isə “pərvaz etmək”dir.
Ermənistan Milli Məclisinin Avropaya İnteqrasiya Komitəsinin sədri, Avropa Parlamentinin bu ölkəni sözün bütün mənalarında biabır edən sonuncu qətnaməsini (bax: https://armenpress.am/rus/news/1019143.html) Avropa İttifaqının “pozitiv (???) dəyişikliklərə məruz qalmış” rəsmi mövqeyi kimi səciyyələndirmiş Arman Yeqoyanı məhz uçurum üzərində “qürurla süzən” optimist adlandırmaq olar.
Bu halda həmin deputat özünün alçalan xətt üzrə uçurum üzərində “optimistcəsinə qürurla pərvaz etməsi”nə daha artıq təmtəraq vermək üçün qəbul edilmiş qətnaməni Avropa Parlamentinin 3 deputatının – Marina Kalyurandın, Jelena Zavkonun və Trayan Beseskunun məlum bəyanatı ilə müqayisə edib. Yəni, bu üçlüyün elə-belə bəyanatı deyil, Avropa İttifaqının rəsmi mövqeyidir! Di gəl ki, biz tam əmin deyilik: Yeqoyan başa düşürmü ki, qəbul edilmiş qətnamədəki ifadələr onun ölkəsi üçün həmin üçlüyün məşhur bəyanatından daha pisdir. Hərçənd, o yəqin ki, bunu başa düşür, amma nahaq yerə aldığı məvacibə görə hansı formadasa hesabat verməlidir.
Bu yerdə məşhur vəkil, heç bir məşhur işi udmadığına görə istehza ilə “madam luzer” adlandırılan Amal Kluninin Avropa İnsan Haqları Məhkəməsində “Doqu Perinçek İsveçrəyə qarşı” iddiası üzrə prosesdə uduzandan dərhal sonra verdiyi müsahibə yada düşür. Vəkil məhkəmənin çıxardığı verdikti sevinə-sevinə, təbəssümlə “çox yaxşı” kimi qiymətləndirmişdi. Beləsinə nə deyəsən! Ay qız, sən məhkəmə prosesini uduzmusan! Bu proses Ermənistan üçün necə “çox yaxşı” ola bilər? Lakin uduzulmuş işə görə qonorara haqq qazandırmaq baxımından müştərini niyə də aldatmayasan?!
İndi Yeqoyan da belə edir. O, çox da xoşagələn olmayan məhsulu ermənilərə xas olan adi üsulla parlaq konfet kağızına bükməyə çalışır. Görünür, erməni cəmiyyətini azdırmaq və öz uğursuzluğunu gizlətmək üçün deyir ki, “sənədin ilkin versiyası təqribən üç ay bundan əvvəl təqdim edilib, Avropa Parlamentinin Xarici İşlər Komitəsində bir neçə mərhələdə müzakirə olunub, sənədin mətninə onlarca dəyişikliklər edilib və ya mətndən müəyyən hissələr çıxarılıb”.
Düzdür, bu belədir, lakin Yeqoyan burada bir məsələni demir ki, qəbul edilmiş düzəlişlərin heç biri Ermənistan-Azərbaycan münaqişəsinə AİD DEYİLDİ! Ermənilərin lobbiçiləri rolunda çıxış edən kiprli və bəzi marginal deputatlar qətnamənin mətninə məlum üç prinsipin hamısını, o cümlədən, “təyini-müqəddərat hüququ” prinsipini “dürtmək” üçün dəridən-qabıqdan çıxırdılar. Lakin, Yeqoyan abırsızcasına gizlədir ki, bu cəhd baş tutmadı – düzəliş qəbul edilmədi! Yeqoyan onu da demir ki, elə həmin lobbiçilərin qətnamənin mətninə heç olmasa həmin üç prinsipin adıçəkilən 2017-ci il qətnaməsinə sadə bir istinad olunan düzəliş daxil etmək üçün növbəti cəhdləri də fiasko ilə başa çatdı. Yeqoyan bu faktları öz cəmiyyətindən gizlətməyə çalışır, əvəzində isə sevinclə bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinə əsla aidiyyəti olmayan düzəlişlər qəbul edilib.
Bir məsələni əsla anlamaq olmur, özü-özünü biabır etmiş erməni deputat Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasına yönəlmiş səylərini və 2009-cu ildə qəbul edilmiş əsas prinsipləri dəstəklədiyini deyəndə hansı “ali məqsədləri” güdür, axı Minsk qrupunun həmin səyləri və 2009-cu il Akvil prinsipləri BMT-nin Nizamnaməsinə və 1975-ci il Helsinki Yekun Aktına əsaslanır (Yeqoyan bunu qeyd etməyə utanmır), bu sənədlərdə təyini-müqəddərat hüququnun reallaşdırılması dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi ilə məhdudlaşır! Yaxşı, burada sevinməli nə var?
Yeqoyan bir məqamı da ayrıca qeyd etməyi utanmır ki, “bu üç prinsip BMT-nin nizamnaməsinə və Helsinki Yekun Aktına istinad edilməklə ATƏT tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində nəzərə alınır”. Görəsən, bu üç prinsipi sadalayan erməni deputatı Helsinki sənədində təyini-müqəddərat barədə məhz nə deyildiyini bilirmi? Bəlkə o güman edir ki, Helsinki aktında təyini-müqəddəratın hansı formasının nəzərdə tutulduğunu adamlara izah etmədən, sadəcə bu prinsipləri sadalamaqla, belə məsələlərdən xəbəri olmayan erməni cəmiyyətini aldatmaq olacaq? Bizə belə gəlir ki, o, məhz buna ümid edib!
Nəhayət, Yeqoyan optimistcəsinə uçuruma yuvarlanmaqdan bir saniyə əvvəl öz şahin qanadlarını tam açmaq üçün təntənəli şəkildə bəyan edir: “Arsax problemi barədə Avropa Parlamentinin rəsmi mövqeyi nəinki bizdən ötrü neqativ mənada dəyişməyib, hətta müsbət dəyişikliklərə məruz qalıb, bu dəyişiklikləri yalnız peşəkarlar (!) görə bilər, aydın səbəblərə görə onların açıqlanmasını müstəqil ekspertlərə saxlayırıq”.
İşə baxın ha! Avropa Parlamentinin qətnaməsində erməni diplomatiyası üçün biabırçı elementləri nəinki peşəkarların, hətta çəpgözlərin də nəzərindən yayına bilməz! Əgər Yeqoyanın son sözlərini yozmaq üçün onun kazimirovlara ünvanlanmış yalvarışı kimi qəbul etmək lazım gəlsə, onda həmin “müstəqil ekspertlər”in öz sözlərini nə vaxt deyəcəklərini həqiqətən çox gözləməli olacağıq.
AZƏRTAC