"Viet Times" agentliyi nazir Ceyhun Bayramovun çıxışına istinadla məqalə yayıb
Vyetnamın "Viet Times" xəbərlər agentliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Nazirlər Komitəsinin 130-cu iclasındakı çıxışına istinadən "Azərbaycan xarici işlər naziri: Ermənistanın əməlləri açıq-aşkar hərbi cinayətdir" sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurd-yuvalarından qovulduğu bildirilib. Yazıda nazir Ceyhun Bayramovun çıxışına istinadən vurğulanıb ki, ATƏT-in Minsk qrupunun son 28 il ərzində fəaliyyəti münaqişənin həllinə gətirib çıxarmayıb. Həmçinin qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən baxılan "Çiraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmənin qərarında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının təsdiqlənməsinə baxmayaraq, Ermənistan öz məsuliyyətini inkar etməyə davam edir.
"Viet Times" xəbərlər agentliyi yazır ki, sentyabrın 27-dən etibarən Ermənistan Azərbaycanın şəhər və kəndlərinə amansızcasına yetirdiyi zərbələr mülki əhali arasında böyük sayda insan itkilərinə gətirib çıxarıb. Ermənistanın hərbi cinayət sayılan bu əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir.
Həmçinin məqalədə bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistanın işğalına qarşı apardığı əməliyyatının BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş dövlətlərin özünü müdafiə etmək hüququ və beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirildiyini vurğulayıb. Bu əməliyyatlar Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə istiqamətləndiyini qeyd edib.
S.Xankişiyeva