İstanbulda Şuşanın azad olunması münasibətilə aksiya keçirilib
Bu gün İstanbulda Bəyazid meydanında “Birlikdən güc doğar” adlı aksiya keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycana dəstək, Şuşanın işğaldan azad edilməsinin qeyd olunması və erməni terroruna etiraz məqsədi ilə keçirilən tədbir azərbaycanlıların İstanbuldakı bütün diaspor təşkilatları tərəfindən təşkil edilib.
Tədbirdə səsləndirilən bəyanatda tarixi kökləri etibarilə Qarabağın qədim türk yurdu olmasından, Ermənistanın 1828-ci ildə qəbul edilən Türkmənçay sülh müqaviləsi və Azərbaycanın qədim İrəvan torpaqları hesabına 1918-ci ildə formalaşaması tarixindən bəhs edilib: “Ermənistanın Qarabağda məskunlaşması 1828-ci ildən başlayıb, onlar 1977-ci ildə Xankəndində Qarabaa gəlişlərinin 150 illiyini əlamətləndirən bir abidə ucaldıblar. 1989-cu ildə isə tarixi saxtalaşdırmaq üçün Qarabağa sonradan gəlmə olduqlarını əlamətləndirən bu abidəni dağıdıblar”.
Bildirilib ki, güclü və intizamlı Azərbaycan ordusu bu gün heç bir hüquq tanımayan Ermənistanın ekspansionist siyasətini həm şərqdə, həm də qərbdə genişləndirmək arzusunu gözündə qoyub, işğalçı dövlət “İki dövlət, bir millət” siyasəti qarşısında müqavimətini itirib: “Çünki bir yumruq kimi birləşən millətimiz qarşısında nə Ermənistan, nə də başqa bir güc davam gətirə bilməz!”.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsi minə yaxın aksiya iştirakçıları tərəfindən sevinclə, alqışlarla qeyd edilib. Aksiyada Ermənistan terroruna son qoyulması tələbinə dair şüarlar, Azərbaycana dəstək məqsədli şeirlər, musiqilər səsləndirlib.
S.Xankişiyeva