ABŞ Hərbi Hava Qüvvələrinin bulud sisteminə haker hücumu olub

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) ən böyük bulud hesablama platformalarından biri olan “Cloud One” haker hücumuna məruz qalıb.
1news.az xəbər verir ki, “Reuters”ə danışan və adlarının açıqlanmasını istəməyən mənbələr platformaya müdaxilənin taktiki, şəxsi heyət və logistika ilə bağlı geniş həcmdə həssas məlumatları təhlükə altına sala biləcəyini bildiriblər.
Mənbələrin sözlərinə görə, sistemə sızma təxminən bir ay əvvəl platformada yeniləmə işləri aparılarkən aşkarlanıb və bu, sistem üzrə bir sıra texniki problemlərə səbəb olub.
Hücumun arxasında kimin dayandığı, müdaxilənin dəqiq miqyası, istifadə olunan təhlükəsizlik boşluğunun xarakteri və hər hansı məlumatın oğurlanıb-oğurlanmadığı hələlik məlum deyil.
Mənbələrdən biri bildirib ki, araşdırmanı aparan qurumlar dəymiş zərərin müəyyənləşdirilməsi üçün ABŞ ordusunun kibermüdafiə strukturu olan Kibər Komandanlığını (Cyber Command) prosesə cəlb ediblər.
ABŞ Hərbi Hava Qüvvələri isə “Reuters”ə açıqlamasında konkret şəbəkə və sistemlərin təhlükəsizlik vəziyyəti, zəiflikləri və ya əməliyyat statusu ilə bağlı şərh vermədiyini bildirib.
“Biz Hərbi Hava Qüvvələrinin məlumatlarını, sistemlərini və missiya imkanlarını qorumaq üçün daim ehtiyat tədbirləri görürük”, – qurumdan bildirilib.
“Cloud One” hansı sistemləri əhatə edir?
Hərbi Hava Qüvvələrinin informasiya texnologiyaları ehtiyaclarını vahid platformada qarşılamaq məqsədilə 2017-ci ildə yaradılan “Cloud One” ABŞ ordusunun ən böyük bulud platformalarından biri hesab olunur.
“Microsoft”, “Amazon”, “Oracle” və “Alphabet” şirkətlərinin bulud resurslarını birləşdirən platformada şəxsi heyət məlumatları, əməkhaqqı ödənişləri, logistika və texniki xidmətlə bağlı çoxsaylı tətbiqlər fəaliyyət göstərir.
Platformada işləyən kritik sistemlərdən biri Şimali Amerika ərazisindəki hava hücumundan müdafiə radarlarının və digər məlumat axınlarının birləşdirildiyi Bulud əsaslı Komanda və İdarəetmə Sistemidir (Cloud-Based Command and Control System).
Bundan başqa, Hərbi Hava Qüvvələrinin dünyanın 200-dən çox hərbi bazasında yerləşən bomba və raketlərin izlənməsini təmin edən İnteqrasiya edilmiş Döyüş Sursatı Sistemi (Integrated Combat Munitions System) də “Cloud One” platformasından istifadə edir.
Platformanın əsas podratçısı 2025-ci ilə qədər “SAIC” şirkəti olub. Həmin ildən bu vəzifəni “Leidos” şirkəti icra etməyə başlayıb.
“Reuters”ə danışan mənbələr sistemin əhəmiyyətini vurğulayaraq, burada baş verən müdaxilənin ciddi hadisə olduğunu bildiriblər.
Hücum əməliyyatlara necə təsir edib?
Mənbələrdən birinin sözlərinə görə, hakerlər proqram təminatındakı boşluqdan istifadə edərək sistemin idarəetmə müstəvisinə (control plane) çıxış əldə ediblər.
Mənbə idarəetmə müstəvisini “universal uzaqdan idarəetmə pultu”na bənzədərək bildirib ki, belə bir giriş nəzəri olaraq hərbi təyyarələrin əməliyyat vəziyyətini və ya ehtiyat hissələrinin hərəkətini izləməyə və idarə etməyə imkan verə bilər. Lakin bu insident zamanı hakerlərin belə imkanlardan istifadə edib-etmədiyi məlum deyil.
Müdaxilənin aşkarlanmasından sonra platformada bir sıra texniki məhdudiyyətlər tətbiq olunub. Mənbələrin bildirdiyinə görə, Hərbi Hava Qüvvələrinin uzun müddətdir prioritet hesab etdiyi daxili inzibati sistemlərin “Cloud One”a köçürülməsi prosesi dayandırılıb.
Platformada artıq işləyən tətbiqlərin yenilənməsinə də məhdudiyyət qoyulub. Bu isə texnologiya sektorunda yeni və ciddi proqram təminatı boşluqlarının aşkarlandığı bir vaxtda Hərbi Hava Qüvvələri əməkdaşlarının həmin boşluqları aradan qaldırmasını çətinləşdirib.
Digər mənbə isə bəzi istifadəçilərin administrator səlahiyyətlərinin ləğv edildiyini bildirib.
ABŞ dövlət qurumlarına qarşı kiberhücumlar
“Cloud One” platformasına hücum ABŞ dövlət qurumlarına qarşı kiberhücumların artdığı və süni intellektin bu sahədə yaratdığı risklərlə bağlı narahatlıqların yüksəldiyi bir vaxtda baş verib.
Süni intellekt modellərinin geniş şəbəkələrdəki zəiflikləri daha sürətlə müəyyən edə bilməsi xüsusilə bulud əsaslı sistemlər üçün ciddi təhlükə yaradır.
ABŞ hökuməti son dövrlərdə ictimaiyyətə məlum olan ən azı altı ayrı kibertəhlükəsizlik insidentinin nəticələri ilə mübarizə aparır.
Bu insidentlərə Federal Təhqiqatlar Bürosuna (FBI) qarşı iki ayrı hücum, Pentaqon məlumatlarının daha əvvəl ələ keçirilməsi, Daxili Təhlükəsizlik Departamentinin əməkdaşlarının məlumatlarının sızdırılması, ən azı iki kəşfiyyat qurumuna təsir edən müdaxilə və ABŞ Maliyyə Nazirliyinə qarşı kiberhücum daxildir.
“Cloud One” uzun müddətdir hakerlərin diqqətində olan platformalardan biridir. Sistemin rəhbərliyi 2023-cü ildə “FedScoop” nəşrində yayımlanan məqalədə platformaya sızmaq üçün edilən çoxsaylı cəhdlərin qarşısının alındığını və bu istiqamətdə 100 faizlik nəticə əldə etdiklərini iddia etmişdi.
“İnformasiya təhlükəsizliyi məsələsində səhvə yol vermək olmaz”, – platformanın rəhbərliyi həmin yazıda qeyd etmişdi.











