“Baku Network”un direktoru koronavirusdan vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Network”un direktoru koronavirusdan vəfat etdi

12:18 - 05 / 01 / 2021
“Baku Network”un direktoru koronavirusdan vəfat etdi

"Baku Network" Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

1news.az Trend-ə istinadən bildirir ki, COVİD-19 infeksiyasına yoluxan Elxan Ələsgərov vəziyyəti ağır olduğu üçün bir müddət əvvəl reanimasiyaya yerləşdirilərək süni nəfəs aparatına qoşulmuşdu. Həkimlərin səyinə baxmayaraq, bu gün Elxan Ələsgərov dünyasını dəyişib.

Qeyd edək ki, Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Elxan Ələsgərov Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. "Azon" elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb. Minsk şəhərində yerləşən "Ali məktəbin" məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr "Dostluq" Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.

Elxan Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilmişdi. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat çalışıb.

Elxan Ələsgərov "Qafqaz Albaniyası" və "Qafqaz"Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. "Əli və Nino" romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər