Cəmiyyət

Hikmət Əlizadə: Məsuliyyətli ov nə deməkdi və o, təbiətə necə kömək edir – FOTO

12:34 - 28 / 01 / 2021
Hikmət Əlizadə: Məsuliyyətli ov nə deməkdi və o, təbiətə necə kömək edir – FOTO

Azərbaycanda ov mövsümünün 22 yanvar 2021-ci il tarixindən etibarən açılması haqqında xəbər asudə vaxtını bu sahəyə həsr edənləri sevindirmiş oldu.

Buna baxmayaq, ovçuluq son zamanlar ictimaiyyət nümayəndələri arasında mübahisələrə səbəb olur. Bəziləri onu təbiət qoynunda dincəlməyin ən yaxşı üsullarından biri hesab edir, digərləri tamamilə əks fikir yürüdərək, ovçuları təhlükəli və aqressiv insanlar hesab edirlər.

Məsuliyyətli ov nədir və ov mövsümünü ətraf-mühitə zərər vurmadan, əksinə təbiətə xeyir verərək təşkil etməyin qaydaları barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə söhbət etmişik.

- Hikmət müəllim, bu il ov mövsümünün əvvəlində ov etmək istəyənlərin xüsusi axını müşahidə olunur. Fikrinizcə, bu, əvvəlki sərt karantin rejimi ilə bağlıdır və necə düşünürsünüz, stres yaşamış insanların ov zamanı daha qəddar olmaq təhlükəsi var?

- İlk olaraq, qeyd etmək istəyirəm ki, yanvarın 22-dən etibarən ov mövsümü açılmayıb, bərpa edilib. Məsələ burasındadır ki, ənənəvi olaraq, ov mövsümü iyun ayında açılır və fevralda başa çatır. Ötən, 2020-ci ildə Koronavirus pandemiyası səbəbindən ov mövsümü yalnız sentyabrda açıldı, lakin Vətən Müharibəsinin başlaması səbəbindən yenidən bağlandı. Amma fevralın sonunda o yenidən başa çatacaq və növbəti ov mövsümü 2021-ci ilin mayında açıq elan ediləcək.

Beləliklə, indi ov mövsümü yalnız bir ay davam edəcək, bu səbəbdən, ov etmək istəyənlərin axını başa düşüləndir. Şübhəsiz, karantin dövrü insanların psixi-emosional vəziyyətinə heç də müsbət təsir etməyib və bu barədə ötən il ərzində mətbuatda xeyli yazılar dərc olunub. Deyilənlərə görə, hətta boşanmaların sayı da artıb. Mən sizin narahatlığınızı başa düşürəm, amma düşünmürəm ki, mövsümün açılışını çoxdan gözləyən məsuliyyətli ovçular özlərini qeyri-adekvat aparacaqlar.

- Dövrümüzdə ova münasibət dəyişmişdir. Tez-tez ovçuları heyvanlarla qəddar davranmaqda ittiham edirlər. Onların ünvanına mənfi fikirlər səsləndirilir. Demək olarmı ki, məsuliyyətli ov nəinki zərərli deyil, əksinə, təbiətdə balansın saxlanması üçün faydalıdır?

- Təəssüf ki, ovçuların ünvanına mənfi fikilərin səslənməsi barədə danışarkən haqlısınız. Bəzən hətta ovu ümumiyyətlə qadağan etməklə bağlı tələblər də səsləndirilir.

Lakin çoxlu sayda insan var ki, onlar üçün ov çox vacibdir və onlar, bu cür qadağaları hüquqların məhdudlaşdrırılması kimi qəbul edəcəklər. Düşünürəm ki, insanların ov etmək ehtiyacını məhdudlaşdırmaq qeyri-mümkündür. İnsanlar hələ qədim dövrlərdən ov etmişlər və ibtidai icma quruluşunda ov əsas fəaliyyət növlərindən və qida əldə etmək üsullarından biri olmuşdur. Bu səbəbdən, ov etmək insanların təhtəlşüurunda, genindədir. Digər məsələ isə budur ki, bu işə məsuliyyətlə yanaşmaq lazımdır. Dövlət bu sahəni qanunvericilik səviyyəsində tənzimləməlidir, ovçular isə müəyyən edilmiş ovçuluq qaydalarına riayət etməlidirlər.

Məsuliyyətli ovçuluq, ilk növbədə, ovçunun özünün məsuliyyətli olmasıdır. Ən azı ona görə ki, silahlı şəxs həm özü, həm digər şəxslər, həm də təbiət üçün apriori risk mənbəyidir. Məsuliyyətli ovçu qanunvericiliyə hörmətlə yanaşan, vəhşi təbiət və ov bacarıqları ilə bağlı biliklərini inkişaf etdirən, həmçinin ətraf-mühitə qayğı ilə yanaşan şəxsdir. Bu səbəbdən, məsuliyyətli ovçu olmaq, ilk növbədə, məsuliyyətli insan olmaq və ölkənin qanunvericiliyinə, müəyyən edilmiş ov qaydalarına riayət etmək deməkdir.

Yeri gəlmişkən, ovçuluq sahəsi dünyanın çox ölkəsində inkişaf etmişdir. Azərbaycanda həm ovuna icazə verilən heyvan və quş növlərinin, həm də ovçuluq təsərrüfatları və klublarının sayı xeyli azdır.

- Əleyhdarları bu gün ovun zərurət olmadığını iddia edə bilərlər. Bu səbəbdən, ov həvəskarlarına heç də xoş olmayan insani keyfiyyətləri şamil edirlər. Ovçunun silaha malik olduğunu nəzərə alaraq, onun psixi-emosional vəziyyəti lisenziyanın alınmasında rol oynayır, yaxud bu kiminsə tərəfindən izlənilir? Bəs ovçuların qayda-qanunlara riayət etməsinə kim nəzarət edir?

- Ov lisenziyası almaq üçün psixoloji testlərdən keçmək təcrübəsi dünyanın heç bir ölkəsində yoxdur. Lakin Azərbaycanda ovçular ovçuluq biletlərini yeniləmək üçün hər 2 ildən bir imtahan verməlidirlər.

Düşünürəm ki, istənilən fəaliyyət sahəsində insanın davranışlarını qabaqcadan duymaq çox çətindir, hər hansı qeyri-adekvat davranışlar isə qanunla tənzimlənir. Azərbaycanda ova yalnız həftənin müəyyən günlərində - cümə, şənbə və bazar günləri, müəyyən yerlərdə - ov sahələri və təsərrüfatlarında və müəyyən heyvan növləri üzrə icazə verilir. Ovçuluq sahəsində qanunvericiliyə riayət olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və DİN-in əməkdaşları nəzarət edirlər. Onlar ov mövsümündə mütəmadi reydlər keçirirlər.

- Müxtəlif mövsümlərdə ovuna icazə verilən heyvan və quş növlərinin siyahısında dəyişiklik edilir?

- Əlbəttə. Bu siyahı hər mövsümün əvvəlində dərc edilən müvafiq əmrdə öz əksini tapır. Eyni zamanda, hər bir ovçu üçün müəyyən ov norması ayrılır.

- Dünyanın başqa regionlarında nadir hesab olunub, lakin Azərbaycanda ovuna icazə verilən heyvan növləri var?

- Bəli. Misal olaraq, dağ keçilərinin altnövü olan Dağıstan turlarını göstərmək olar. Bütün dünyada onların populyasiyası kifayət qədər azdır. Onların əsas yaşayış arealı Qafqazdır. Dağıstan turlarının ən geniş populyasiyası isə məhz Azərbaycandadır. Lakin, ekoloji balansın qorunması baxımından bu heyvanların məhdud şəkildə ovlanması faydalıdır. Məsələ burasındadır ki, bu heyvanlar sürü ilə dolaşırlar. Sürüyə başçılıq edən ən yaşlı erkək turlar cavan fərdlərin çoxalmasına imkan vermirlər.

- Yəqin ki, xoşagəlməz “qoca keçi” ifadəsi də məhz bundan qaynaqlanır. Bəs ovçular sürüdəki ən yaşlı fərdi necə müəyyən edirlər?

- Buynuzlarına əsasən. Ən uzun buynuzlar məhz yaşlı erkəklərdə olur. Buynuzlar həm də bu heyvan növünün ovçuları üçün ən arzuolunan qənimət hesab olunur. Beləliklə, bu heyvanları ovlamaqla, ovçular eyni zamanda onların populyasiyasını qorumuş olur.

- Hikmət müəllim, son sualımı vermək istəyirəm. Siz özünüz də ov edirsiniz?

- Xeyr, etmirəm. Amma ona görə yox ki, Ekologiya Nazirliyinin əməkdaşıyam. Sadəcə, asudə vaxtın bu cür keçirilməsi məni heç vaxt cəlb etməyib. Bununla belə, məhz bu cür aktiv istirahət növünə üstünlük verən şəxslərə qarşı da heç bir mənfi fikrim yoxdur. Daha əvvəl dediyim kimi, bizdə çoxlu sayda ov həvəskarları var, onların sırasında yaşlı şəxslər də vardır ki, təbiət qoynunda istirahəti başqa cür təsəvvür etmirlər. Buna görə də, düşünürəm ki, ovçuluq sahəsi inkişaf etməkdə davam edəcəkdir. Əsas budur ki, ovçuluq məsuliyyətli və düzgün olsun və bu növün həvəskarları Azərbaycanın qanunvericiliyinə riayət etsinlər.

- Maraqlı söhbətə görə təşəkkür edirəm.

Natali Aleksandrova

 

Paylaş:
1309

Son xəbərlər

Bütün xəbərlər

Next TV