Dövlət qulluğuna qəbul üçün test imtahanları başa çatıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il fevralın 19-da dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.
Mərkəzdən 1news.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İnzibati rəhbər (A növü) vəzifələr üzrə olan imtahan elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 93 nəfərdən 86 nəfəri imtahana gəlib. 1 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 8 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İnzibati icraçı (B növü) vəzifələr üzrə keçirilən test imtahanının nəticələri axşam saatlarında elan olunacaq.
Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün fevralın 22-dən martın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 22-24 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.