Milli Məclisdə Vətən müharibəsində iştirak etmiş tibb işçiləri ilə görüş olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə Vətən müharibəsində iştirak etmiş tibb işçiləri ilə görüş olub

Qafar Ağayev17:13 - 15 / 03 / 2021
Milli Məclisdə Vətən müharibəsində iştirak etmiş tibb işçiləri ilə görüş olub

Martın 15-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş səhiyyə işçiləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, tibb işçilərini salamlayan sədr müavini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən bəhs edərək bu tarixi Qələbəni tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Adil Əliyev diqqətə çatdırıb ki, döyüş meydanında qazanılmış Qələbənin dövlətimizin başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsi nəticəsində Ağdam, Kəlbəcər, Laçın bir güllə belə atılmadan geri alındı. Bu, diplomatiyamızın çox böyük uğuru idi. Vətən müharibəsində xalqımız arxa cəbhədə, igidlərimiz isə ön cəbhədəki şücaəti ilə ölkəmizin gücünü bir daha bütün dünyaya göstərdi.

Pandemiya və müharibə dövründə həkimlərimizin fəaliyyətindən bəhs edən sədr müavini onların fədakarlığını yüksək dəyərləndirib. Bildirib ki, həkimlərimizin səyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir çox hərbçimizin isə müalicəsi davam etdirilir. O, göstərdikləri fədakarlığa və vətənpərvər mövqeyə görə bir daha tibb işçilərinə minnətdarlığını ifadə edib.

Görüşdə iştirak edən tibb işçiləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, yaralı hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Tədbirin sonunda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər