Tarixin qanlı səhifələrindən boylanan 31 Mart soyqırımı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarixin qanlı səhifələrindən boylanan 31 Mart soyqırımı

11:30 - 30 / 03 / 2021
Tarixin qanlı səhifələrindən boylanan 31 Mart soyqırımı

Beynəlxalq hüquqa əsasən, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir.

Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub.

Sabah 31 Mart soyırımının 103 ili tamam olur. Əsrlər boyu erməni daşnakları tərəfindən dəfələrlə xalqımıza qarşı törədilmiş qırğınlar içində 31 Mart soyqırımı öz dəhşəti ilə seçilir. Uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin ən faciəli anlarından, ən qaranlıq səhifələrindən biridir.

Tarixən türk millətinə qarşı dəyişməyən erməni xisləti

Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "Böyük Ermənistan" dövləti qurmaq xülyasına düşmüş ermənilər azərbaycanlılara qarşı törətdikləri soyqırıları təşkilatlanmış və planlı siyasət kimi həyata keçiriblər. Bunun üçün onlar hələ 1887-ci ildə Cenevrədə "Qnçaq", 1890-cı ildə Tiflisdə "Daşnaksütyun", 1895-ci ildə Nyu-Yorkda "Erməni vətənpərvərliyi ittifaqı" adlı siyasi-terror təşkilatlarını qurublar. Sadalanan təşkilatların fəaliyyətinin əsasında azərbaycanlılara qarşı əvvəlcədən planlaşdırılmış ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək istəyi dayanırdı. Təkcə XX əsrə nəzər salmaq kifayətdir ki, erməni-daşnak quldur birləşmələri və onların havadarlarının azərbaycanlılara qarşı kütləvi qırğınlarını, xalqımıza yerini-yurdunu tərk edib sürgünlük taleyi yaşatmaları haqda yaşanmışların şahidi olaq. Bütün bu cinayətlərin, böyük fəlakətlərin başında torpaq iddiaları dururdu. Ardıcıl olaraq 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953, 1988-ci illərdə baş verən qırğınlar erməni faşizminin, vəhşiliyinin ən bariz nümunəsidir.

Ermənilər və ermənipərəst qüvvələr nə qədər tarixi saxtalaşdırmağa cəhd etsələr də, çar Rusiyasının arxiv sənədləri, ermənilərin köçürülməsi ilə bağlı verilən təlimatlar, imperatorun göstərişləri və digər sənədlər tarixi həqiqətləri sübut edir. Xatırlatmaq istərdim ki, XIX əsrin əvvəllərində Rusiya İmperiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. İmperiya bu yolla Cənubi Qafqazda möhkəmlənmək niyyətində idi. Nəticədə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, ermənilərin həm Qacarların İranından, həm də Osmanlı İmperiyasından kütləvi surətdə Cənubi Qafqaza, yəni Şimali Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Bunun üçün isə ilk olaraq qanlı qırğın siyasəti yeridildi. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlər sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsilə əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirdilər.

Mart soyqırımı - erməni vəhşiliyinin bariz nümunəsi

Artıq 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Qafqazın fövqəladə komissarı təyin olunmuş Stepan Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Şaumyanın ciddi səyləri ilə Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplaşdılar. Onlar Bakını inqilabla əks-inqilab aramında mübarizə meydanı elan etmişdilər. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.

1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Vəhşi, azğınlaşmış ermənilər dinc azərbaycanlıları qırmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram, süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Dəhşətli soyqırımına məruz qalan əliyalın azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Soyqırım nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Lakin daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Şamaxıda (8027 nəfər qətlə yetirilmiş), Qubada (16 mindən çox şəxs qətl edilmiş), Lənkəran, Hacıqabul, Salyan, Şuşa, Göyçay, Zəngəzur, Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər. Azərbaycanlılara qarşı qırğınlar nəticəsində erməni caniləri yuxarıda qeyd olunan şəhərlərlə yanaşı, demək olar ki, əksər ərazilərdə də günahsız insanlara qarşı misli görünməmiş vəhşiliklər törədiblər.

Müsəlmanları qətlə yetirməklə yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan əşyaları isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür və şikəst edirdilər.

Mart hadisələrinə ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Onun 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.

Türkün qisası qiyamətə qalmaz - 44 günlük şərəf yolu

1918-ci il və sonrakı tarixi hadisələ sübut etdi ki, mənfur ermənilər sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, ən qəddar üsullarla dinc insanları kütləvi qırğına məruz qoyub, bu cinayətləri ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa, öz xeyirlərinə yazmağa əl atıblar. Bunu 30 ilə yaxın zəbt etdikləri Azərbaycanın ayrılmaz tərkibi olan Dağlıq Qarabağ və ətraf rayonları timsalında daha aydın şəkildə görmək mümkündür. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə və tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirməmişdir. Halbuki bu qətnamələrdə birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunurdu. Baxmayaraq ki, Azərbaycan tərəfi hər zaman bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərirdi.

Tarixə 2020-ci ildə baş verən İyul döyüşləri kimi düşən hadisə bardağı daşıran son damla oldu. Belə ki, iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Ancaq saxtakarlıq və yalan məlumatlar bu dəfə Ermənistanı xilas edə bilmədi. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında sentyabrın 27-də Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başladı. Bununla da Azərbaycan həm öz qisasını alaraq torpaqlarını işğaldan azad etdi, həm də öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Cəmi 44 gün yetərli oldu ki, terrorçu xunta rejiminin müqaviməti tamamilə qırılsın.

Müharibə dövründə biz təkcə hərb meydanında deyil, informasiya cəbhəsində də qalib gələ bildik. Doğru faktlara əsaslanan və mütəşəkkil qurulmuş informasiya mübarizəsi erməni xülyasını bir daha boşa çıxardı. Lakin düşmən öz əməlindən geri çəkilməyərək insanlıq tarixinin növbəti qətlinə adını yazdırdı. Belə ki, müharibə zamanı münaqişə zonasında ağır döyüşlərin getdiyi vaxtda erməni qoşunları münaqişə zonasından uzaqda mülki obyektlərə hücum etdilər. Hücumlar Tərtər, Gəncə, Xızı, Mingəçevir, Bərdə və bir sıra digər şəhərlər istiqamətində aparılmışdır. Ən ağır hücumlar Gəncə və Bərdə şəhərlərinə oldu. Ümumilikdə 27 Sentyabr - 29 oktyabr tarixləri arasında baş vermiş hücumlar nəticəsində 90 dinc sakin həyatını itirib. Həmin müddət ərzində 392 mülki şəxs yaralanmış, 2406 mülki yaşayış evi, 92 çoxmənzilli yaşayış binası və 423 mülki obyekt yararsız vəziyyətə salınmışdır. Heç şübhəsiz, Vətən müharibəsi ilə Azərbaycan öz gücünü düşmənə hərb meydanında göstərdi, qisasını aldı və bütün dünyaya sübut etdi ki, dinc, əliyalın insanlar Azərbaycan Ordusunun hədəfi ola bilməz.

Qeyd edim ki, Beynəlxalq humanitar hüquqa əsasən, mülki obyektlərin bombalanması müharibə cinayəti hesab edilir və Ermənistan rəsmiləri buna görə məsuliyyət daşıyır. Tarixin bütün dövrlərində öz terrorçu, vəhşi əməllərindən utanmayan Ermənistanın bu məsuliyyətdən də boyun qaçıracağı şübhə doğurmur.

Lakin dəyişilməz fakt odur ki, Ermənistan rəsmiləri Ermənistan Respublikasından kənarda quraşdırılmış raketlərdən açılan atəşlə törədilən cinayətlər də daxil olmaqla, Azərbaycan Respublikasına qarşı törədilən bütün müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan isə öz haqlı mübarizəsindən geri çəkilməyəcək. İndi bu mübarizə müzəffər Ali Baş Komandan və idarəçilik qabiliyyəti ilə siyasi arenada yüksək nüfuza malik olan Prezindent İlham Əliyevin başçılığı altında daha inamla yeni dövrə keçid edib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

Paylaş:
323

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər