Azərbaycanda su problemi və onun həlli yolları – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda su problemi və onun həlli yolları – TƏHLİL

17:50 - 06 / 04 / 2021
Azərbaycanda su problemi və onun həlli yolları – TƏHLİL

Dünyada şirin su çatışmazlığının tədricən dərinləşməsi bütün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üzləşir.

Araşdırmalar göstərir ki, bu problemin yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsi və s. əsas rol oynayıb.

Azərbaycan da şirin su çatışmazlığı ilə üzləşən ölkələr sırasına daxildir. Cənubi Qafqazda şirin su resurslarının cəmi 10 faizi bizim payımıza düşür. Ölkə ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 km3 təşkil edir. Quraq illərdə isə bu ehtiyat 20,3 km3-ə qədər azalır.

Respublikamızda şirin su resurslarımız bütövlükdə azalmaya meyllidir. Bu, qlobal istiləşmə, su resurslarının məişət və sənayedə hədsiz istismarı, əhalinin artımı, suvarılan sahələrin genişlənməsi, çay hövzələri daxilində meşə örtüyünün çəhv edilməsi və digər səbəblərdən baş verir.

Keçən ilin yay aylarında Azərbaycanın əsas su arteriyası olan Kür çayında suyun miqdarının kəskin azalması, bunun nəticəsində Xəzər dənizinin suyunun Xıllı və Neftçala istiqamətində Kürün mənsəbinə doğru 35 kilometrə yaxın irərliləməsi zamanı vəziyyətin necə ciddi olduğunun şahidi olduq. Mütəxəssislər Kürün suyunun azlmasını iqlim dəyişikliyi, yağıntıların miqdarının azalması, quraq günlərin sayının artması ilə əlaqələndirdilər.

Kür çayı. İyul, 2020.

Qeyd edək ki, ölkə əhalisinin suya olan tələbatının ödənilməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Problemin aktuallığını və həllinin vacibliyini nəzərə alaraq 2020-ci il iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə zamanı dövlət başçısı içməli su və meliorasiya layihələri barədə geniş məlumat verib:

“Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.

Prezident İlham Əliyevin sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib:

“Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik.

İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi.

Bu, yeganə layihə deyil. Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür”.

Taxtakörpü su anbarı

Sözügedən müşavirədən bir neçə gün sonra, iyulun 27-də Prezident İlham Əliyev “Su ehtiyatlardan səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı” haqqında sərəncam imzaladı.

Aprelin 5-də Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman ölkəmizdə meliorativ tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb:

“Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi”.

Dövlət başçısı bildirib ki, qarşıda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir:

“Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir.

Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”.

Prezident İlham Əliyevin sözlərinə görə, digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. Lakin o, kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək”.

Dövlət başçısı bütün su ehtiyatlarımızın potensialının dəqiq təhlil olunması ilə bağlı tapşırıq da verib:

“Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq”.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov hesab edir ki, məsələnin həllinin siyasi, iqtisadi, elmi və mədəni - maarifləndirmə aspektləri mövcuddur:

“Problemin siyasi aspektlərinin həllinin vacibliyi respublikamızın mövcud su ehtiyatlarının 70%-ə qədərinin tranzit mənbələr hesabına formalaşmasından irəli gəlir. Yerli mənbələr hesabına formalaşan şirin su ehtiyatları hesabına hazırkı tələbatımızın ödənilməsi mümkünsüzdür. Dünyanın bir sıra ölkələri (məsələn: Özbəkistan və Tacikistan; Misir və Sudan və s.) dövlətlərarası münasibətlərini su ehtiyatları üzərində qurublar. Bu cəhətdən Azərbaycan Respublikası da tranzit su mənbələrimizdən istifadə edən ölkələrlə münasibətlərdə su ehtiyatları ilə bağlı problemləri davamlı şəkildə nəzərə almalıdır”.

Ölkəmizin suya ölan tələbatının ödənilməsi və sudan daha səmərəli istifadə olunması ilə bağlı təkliflərini diqqətə çatdıran İnstitut rəhbərinin sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı problemlər əsasən iqtisadi sahədə aparılacaq islahatlarla daha çox əlaqədardır:

“Kənd təsərrüfatında əkinçiliyin strukturu su ehtiyatlarına uyğunlaşdırılmalıdır. Daha çox su tələb edən əkin sahələrinin miqdarı stimullaşdırılmalıdır. Suya az tələbatı olan yeni sortlar əldə etməklə onların sahəsini artırmaq lazımdır. Su ehtiyatları ilə sudan istifadəçilər arasında münasibətlərin kökündən dəyişdirilməsi ilə müasir su idarəçiliyinin tətbiq edilməsi vacibdir. Suvarma əkinçiliyi tətbiq edilən yeni sahələrin coğrafi cəhətdən kompleks öyrənilməsi əsasında mənimsənilməsi və suvarma normasının ekoloji tələblərə uyğunluğu və iqtisadi səmərəsi hesablanmalıdır”.

R.Məmmədov işğaldan azad edilən ərazilərin su potensialından da danışıb:

“Hörmətli Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-dən bu günə kimi Ermənistan qoşunları tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altında saxlanan Azərbaycan ərazilərinin azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlar, bütün sahələrdə olduğu kimi, su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində də dönüş yaradacaq. Uğurlu hərbi əməliyyatlar nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su anbarı, Köndələnçaydakı Kaskad su anbarları, Araz çayı üzərindəki Xudafərin su anbarı və İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı və s. işğaldan azad olub. Suqovuşan su anbarı Aran Qarabağın düzənlik ərazilərinin suvarılmasında vaxtilə əhəmiyyətli rol oynayıb. Erməni işğalçıları buradan mənbəyini götürən sağsahil və solsahil Tərtərçay suvarma kanallarını, demək olar ki, yararsız vəziyyətə salıb.

Hazırda Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması çayboyunca yaşayan əhalinin sevincinə səbəb olub. Azərbaycanın iri su anbarı olan Tərtərçay üzərindəki ikinci su anbarı Sərsəng su anbarıdır. Sərsəng su anbarı həm elektrik enerjisi istehsalında və suvarmada geniş istifadə edilirdi. İndi işğalda olan bu su anbarı da yaxın zamanlarda azadlığa qovuşacaq. Araz çayı üzərindəki Xudafərin su anbarı və Qız qalası hidroqovşağı Azərbaycan Respublikasının və İranın Arazboyu düzənliklərində 75 min hektar əkin sahəsinin suvarılmasında və eyni zamanda 102 meqavat elektrik enerjisi alınmasında istifadəsi nəzərdə tutulub. Xudafərin su anbarında tikinti işlərinə İran tərəfindən 1999-cu ildə başlanmış və 2008-ci ildə başa çatmışdır. Lakin Ermənistanın işğalı ilə əlaqədar nəzərdə tutulmuş layihə tam başa çatmamışdır. Burada bir maraqlı məsələ vardır. Bu iki su anbarının tikinti layihəsi keçən əsrin 70-80-ci illərində hazırlanmışdır. Həmin vaxt iqlim dəyişmələri indiki qədər özünü kəskin göstərmirdi. Lakin Kür çayında suyun kəskin surətdə azalması və çayın aşağı axında 80 km məsafədə yatağın quruması qeyd olunan layihələrə müasir dövrün tələblərinə uyğun olaraq yenidən baxılmasını tələb edir”.

İnstitut direktoru işğaldan azad olunmuş su anbarlarının, çayların və yeraltı mənbələrin işğal müddətində kifayət qədər ciddi ekoloji təcavüzə məruz qalmasına da diqqət çəkib:

“Müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Dağlıq Qarabağ təbiətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız - Həkəriçay, Oxçuçay, Bəsitçay, Bərgüşad və s. azadlığına qovuşub. Azad olunmuş su anbarları, çaylar və yeraltı mənbələri işğal müddətində kifayət qədər ciddi ekoloji təcavüzə məruz qalıb. Su anbarlarının düzgün idarə edilməməsi, vaxtında profilaktik tədbirlərinin görülməməsi, çaylara çirkab və dağ-mədən sənaye tullantılarının təmizlənmədən axıdılması, çay hövzələrində meşələrin qırılması və bitki örtüyünün məhv edilməsi, kütləvi şəkildə hərbi istehkamlarının yaradılması və s. son nəticədə sututarlarda və çaylarımızda ekoloji pozuntulara səbəb olub.

İşğaldan azad olmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir. Kiçik Qafqazdan axan çayların Qarabağ düzünə açıldığı sahələrdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sahələrdəki yeraltı sulardan suvarmada və məişətdə istifadə etmək məqsədi ilə vaxtilə 1000-ə yaxın subartezian quyusu qazılmışdı. Bu quyuların azad edilməsi də əhalinin su təminatına kömək edəcək.

Yaxın gələcəkdə Qarabağın bütün ərazisi işğaldan azad olduqdan sonra buradakı şirin su ehtiyatlarının müasir dövrün tələblərinə uyğun olaraq yenidən qiymətləndirilməsinin həyata keçirilməsi vacibdir”.

Məsələyə münasibət bildirən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi:

“Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur. Aydındır ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var.

Əvvəla, su ehtiyatlarınin sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsini müəyyənləşdirilməsinə imkan yaradır.

İşğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq Azərbaycanda kənd təsərrüfati məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür. Bu isə həmçinin su təsərrüfatında müasir menecement yanaşması tələb edir”.

1news.az

Paylaş:
7536

Son xəbərlər

Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58
Bütün xəbərlər