“Erkən nikahın qurbanları: 15 yaşlı yeniyetmə ana olub” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Erkən nikah - yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir.
Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq.
Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır.
İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Erkən nikahın qurbanları: 15 yaşlı yeniyetmə ana olub” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva, klinik psixoloq Nilufər Əlizadə, vəkillər kollegiyasının üzvü Arslan Mikayılov və sosioloq Tərlan Tağıyeva mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: