Deputat kitab oğurluğunda ittiham olunan gənclərdən danışdı, mağaza təsisçisini ittiham etdi
Milli Məclisin deputatı Kamal Cəfərov Milli Məclisin iclasında kitab mağazasından kitab oğurluğunda ittiham edilən gənclərdən danışıb.
1news.az-ın xəbərinə görə, K.Cəfərov deyib ki, dəyəri 100 manatdan az olan mal oğurlanırsa, bu, cinayət sayılmır.
“Kitab oğurluğunda ittiham olunan həmin gənclərin bəraət almasını alqışlayıram. Həmin gənclərin fotosunun paylaşılması isə inzibati xəta pozuntusudur. “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərlinin o fotonu paylaşması özü inzibati xətadır. Nigar Köçərli özü inzibati xəta törədir”,-deyə o əlavə edib.
Xatırladaq ki, İyunun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakının Səbail rayonunda yerləşən kitab mağazalarından birindən oğurluq edilib. Bildirilib ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Lakin gənclər məhkəmə qərarı ilə azadlığa buraxılıb.