Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək
Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 1news.az-a bildirib ki, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən, tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.
B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:
“Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır”.
Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:
- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.