Yaşasaydı 38 yaşı tamam olacaqdı - Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi anıldı - FOTO
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qəbələnin igid oğullarından biri də rayonun Nohurqışlaq kəndindən olan polkovnik-leytenant Bəhruz Abuşovdur.
1news.az-ın xəbərinə görə, Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar icra hakimiyyətinin, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin rəhbər işçiləri, şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi, döyüş yoldaşları və ailə üzvləri Bəhruz Abuşovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 38-ci ilində əbədiyyətə qovuşan Xüsusi Təyinatlı Qüvvələrin zabiti Bəhruz Abuşovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.