Azərbaycan Buxarada keçirilən beynəlxalq forumda təmsil olunur - FOTO
İyunun 23-də Özbəkistan Ali Məclisi Senatının BMT ilə tərəfdaşlıqda təşkil etdiyi “Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Parlamentlərarası Qlobal Əməkdaşlıq” Beynəlxalq Forumu Buxara şəhərində öz işinə başlayıb.
Milli Məclisdən 1news.az-a verilən məlumata görə, hibrid formatda keçirilən foruma BMT-dən və beynəlxalq təşkilatlardan, dünyanın bir çox parlamentlərindən çoxsaylı nümayəndələr qatılıb. Milli Məclisdən deputat Arzu Nağıyev videoformatda tədbirə qatılıb.
Açılış hissəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev (videomüraciət), Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Ali Məclisin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, BMT-nin İqtisadi və sosial şurasının sədri Akram Munir (videomüraciət), ATƏT PA sədri Piter Lord Bauness (videomüraciət), TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidi (videomüraciət), Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop (mətni TBMM-in komitə sədri İsmət Uçma oxudu) və BMT-nin Özbəkistandakı daimi nümayəndəsi Helena Freyzerin çıxışları dinlənildikdən sonra forum işini sessiyalarda davam etdirib.
“Ölkələrin milli inkişaf strategiyaları kontekstində Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi” adlanan 2-ci sessiyada Milli Məclisin deputatı Arzu Nağıyev “Türkdilli ölkələrin əməkdaşlığı və parlamentlərarası əlaqələr” mövzusunda çıxış edib.
Türkdilli ölkələrin əməkdaşlıq formatları barədə məlumat verən Arzu Nağıyev Türkdilli Ölkələrin Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb. Bildirilib ki, TÜRKPA nəinki parlamentlərarası əməkdaşlıq platforması, eyni zamanda informasiya, təcrübə və mədəniyyətlərin mübadiləsi, iqtisadi, siyasi əlaqələrin möhkəmləndirilməsi kimi məsələlərdə həm üzv ölkələr, həm də region dövlətləri arasında böyük nüfuz əldə edib. Arzu Nağıyev beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasına xüsusi önəm verən Azərbaycan parlamentinin dəstəyi ilə bu müstəvidə həyata keçirilən tədbirlərdən danışıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm qələbəsi ilə regionda yaranan yeni əməkdaşlıq imkanlarının dəstəklənməsində parlament diplomatiyasının rolunu vurğulayıb.
İyunun 24-də forum sessiyalarda işini davam etdirəcək. Yekunda Buxara Bəyannaməsinin imzalanması gözlənilir.