“Bolluq LTD” MMC-nin Şirvan şəhər filialı barədə cinayət işi başlandı
“Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Şirvan şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 01-dən 2021-ci il aprelin 19-dək olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilmişdir.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılmışdır.
Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.