103 illik qürurlu tarix - Qalib və güclü Azərbaycan Ordusu | 1news.az | Xəbərlər
Cəmiyyət

103 illik qürurlu tarix - Qalib və güclü Azərbaycan Ordusu

10:25 - 26 / 06 / 2021
103 illik qürurlu tarix - Qalib və güclü Azərbaycan Ordusu

Əsrlərdir dəyişməyən bir reallıq var ki, dövlətlərin beynəlxalq arenadakı əsas yeri onun gücü ilə şərtlənir. Təbii ki, bu gücün ən vacib hissəsini hər bir dövlətin ordusu təşkil edir.

Bu gün qalib və güclü Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin ordusu ötən əsrin əvvəllərində - 1918 ildə yaradılıb. Məhz həmin il 16 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Aərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə isə general Xosrov bəy Sultanov təyin edilib. Qeyd edim ki, yaradılan ordu sıralarındakı ilk hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət olub.

O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Yeni yaradılan Milli Ordu qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub. Lakin 1920-ci ildə AXC-nin süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Bu dövrdə Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib.

Lakin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan ordumuz yenidən dirçələ bildi. Bu dirçəliş tarixə ümummilli lider Heydər Əliyevin ciddi səyləri və təşəbbüsünün nəticəsində yazıldı. Onun rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil hal aldı. Nəticədə qüdrətli ordu yaratmaq yolunda ilk və lazımı addımlar atıldı, gələcəkdə isə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıldı.

Tarixi ardıcıllığa nəzər saldıqda görürük ki, ulu öndər hələ 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə qısa zaman içərisində Bakıda ilk dəfə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Dövrün nə qədər mürəkkəb və çətin olduğunu nəzərə alsaq, belə bir qərarı verməyin böyük cəsarət tələb etdiyini anlamaq olur. Çünki SSRİ rəhbərliyinin fikrincə belə milli hərbi kadr hazırlanan məktəbin yaradılmasına ehtiyac yox idi. Bu səbəbdən Bakıya dəfələrlə komissiyalar göndərilmiş, məktəbin fəaliyyətinin dayandırılması fikrini əsaslanırmağa çalışmışlar. Lakin ümummilli lider uzaqgörən siyasəti ilə bu cəhdlərin qarşısını ala bilmişdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu hərbi məktəb ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

1993-cü ildə xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində daha mühüm addımlar atıldı. Azərbaycan -Ermənistan arasında atəşkəs haqda müqavilə imzalandıqdan sonra ordu quruculuğumuz daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

Əsası 103 il öncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan, ümummilli lider Heydər Əliyev tərəfindən yenidən dirçəldilən Azərbaycan Silahlı Qüvvələri bu gün Qafqazın ən güclü ordusudur. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı hər zaman ordu quruculuğuna da xüsusi diqqətlə yanaşıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Silahlı qüvvələrin büdcəsinin artması ümumilikdə ordumuzun güclənməsi ilə müşayiət olundu. Lakin ordumuzun təkmilləşməsi və dinamik inkişafı prosesi dayanmadan davam etdirilir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.

Bütün bunların nəticəsində güclü Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi zamanı öz gücünü bütün dünyaya sübut etdi. Azərbaycan xalqı 30 ildir işğal altında olan torpaqlarını xilas etmək arzusunda idi. İgid Azərbaycan əsgəri isə torpaqlarımız uğrunda şəhid olan qardaşlarının qisasını almaq, dədə-baba yurdumuz Qarabağda üçrəngli bayrağımızı dalğalandırmaq istəyi ilə hazır vəziyyətdə idi. Beləliklə mənfur qonşularımız Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər yürüşünü başlatdı. Başlayan hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad edə bildi. 28 illik həsrətdən sonra 8 noyabrda Şuşanın azad edilməsi ilə Ermənistan ordusunu tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Azərbaycan Ordusu şəhidlərimizin qanına görə öz qisasını ala bildi. Ölkəmizin xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü düşmənə kapitulyasiya etməkdən başqa çıxış yolu qoymadı.

Hazırda Silahlı Qüvvələrimizin sırasında 425 min hərbçi qulluqçu var və onların 125 mini aktiv xidmətdədir.Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 ədəd yedəkli artilleriya və 245 reaktiv qurğu, dəniz flotunda isə 31 gəmi var. “Global Firepower” təşkilatının 2021-ci il üzrə hesabatına əsasən, ordumuz dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü sıradadır. Azərbaycan Ordusu qüdrətinə görə isə Cənubi Qafqazda birinci yerdə qərarlaşır.

Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Hər il böyük coşqu və qürurla qeyd edilən Silahlı Qüvvələr Günü bu il Zəfər tarixi ilə daha da fərqlənir. Hər bir azərbaycanlı Cümhuriyyət dövründən işıqlanan və böyük qələbələrin müəllifi Azərbaycan Ordusu ilə fəxr edir. 103-cü ilin mübarək, qalib və qüdrətli Azərbaycan Ordusu!

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər