“Koronavirusun dördüncü dalğası vaksinasiya olmamış insanları hədəfə alacaq” – Tamilla Əliyeva

Sevindirici haldır ki, son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Lakin bu heç də bizi arxayınlaşdırmamalıdır. Bəzi ölkələrdə yoluxma hallarının artması da bizi ehtiyatlı olmağa, bu bəladan qorunmaq üçün zəruri tədbirlər görməyə sövq edir.
Bəs koronavirusa yoluxmalar yenidən artarsa, özümüzü necə qorumalıyıq? Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva “Həkim məsləhəti” rubrikasında məhz bu sualı cavablandırıb.
Hazırda koronavirusla bağlı vəziyyət sabitdir – yoluxma sayları gündən-günə azalır, sağalanların sayı artır. Karantin rejimi yumşaldılıb, açıq havada maskadan istifadə etməmək olar, kafe və restoranlar, dini obyektlərdə ibadət yerləri açılıb, yaxın günlərdə çoxdan gözlədiyimiz xəbər də reallaşacaq - toylara icazə veriləcək. Bu çox sevindirici haldır. Azərbaycan tədricən pandemiyadan əvvəlki dövrə qayıdır.
Amma dünyanın müxtəlif ölkələrindən vəziyyətlə bağlı yayılan məlumatlar göstərir ki, bəzi ölkələrdə COVİD-19-un yeni ştammları milyonlarla insanlar üçün ciddi təhlükə yaradıb. Bu ölkələrdə yoluxanların sayı kəskin artmağa başlayıb. İyun ayının əvvəllərindən Rusiyada COVİD-19-a yoluxmalarda yüksəliş qeyd olunub. Hindistanda isə karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, insanlar maskadan imtina edir, ara məsafə saxlamırlar. Hazırda Hindistanda yayılan “Delta” variantı daha yoluxucudur və sürəti də yüksəkdir.
Koronavirusun Hindistan ştammı artıq 93 ölkədə aşkar edilib. Ən çox yoluxmalar Britaniyada, Rusiyada, Yunanıstanda, ABŞ-da qeydə alınıb. Alimlərin fikrincə, koronavirusun dördüncü dalğası bu dəfə vaksinasiya olmamış insanları hədəfləyəcək. Bir həkim kimi ölkəmizdə koronavirusa yoluxmalar artarsa, çıxış yolunu peyvəndlənməni ardıcıl davam etdirməkdə və gigiyena qaydalarına ciddi əməl etməkdə görürəm.
Yoluxmaların sayı artdığı halda ilk növbədə, vaksinasiyanı davam etməyi, gigiyena qaydalarına riayət etməyi yaddan çıxarmayın: maska, əlcək, spirtdən istifadə edin. İctimai yerlərdə ara məsafə gözləyin. Əgər hələ də peyvənd olunmamısınızsa, bunu təxirə salmayın. Bununla həm özünüzü, həm ətrafınızdakı insanları qorumuş olarsınız.
Biz COVİD-19-la mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunlaşdırmalıyıq. Çox yaxşıdır ki, ölkəmizdə vaksinasiya olunan insanların sayı 2 milyonu keçib və bu rəqəm hər gün artmaqda davam edir. Lakin arxayınçılığa da yol vermək olmaz. Öz sağlamlığımıza və ətrafdakıların sağlamlığına diqqətli olmalıyıq. Hələlik vaksinasiya olunmaq və gigiyenik qaydalara əməl etməklə koronavirus riskini xeyli azaltmağın yeganə yoludur.
1news.az