““Delta ştammı”nın Azərbaycana da gəlib çıxması qaçılmazdır” - Soltan Məmmədov
“Koronavirusun yeni ştammlarının əmələ gəlməsi bu gün və dünən COVID-in yaratdığı problemlərin əsas sahələrindən biridir”.
1news.az xəbər verir ki, bunu APA-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib.
O bildirib ki, Azərbaycan peyvənd proqramını uğurla həyata keçirən ölkə olmasına baxmayaraq, “Delta ştammı”nın artıq qonşu ölkələrdə, ümumiyyətlə dünyanın 100-ə yaxın ölkəsində mövcudluğu bu ştammın başqa ölkələr və Azərbaycana da gəlib çıxmasının qaçılmaz olduğunu göstərir: “Biz artıq bununla bağlı hazırlıq işləri görürük. Azərbaycanda həm stasionar xidmətlərin təmin olunması, həm profilaktik tədbirlərin həyata keçirilməsində təcrübə var. Peyvəndin tətbiqi bunun ən düzgün profilaktik addımıdır. Azərbaycanda bir sıra inkişaf etmiş ölkələrdən fərqli olaraq əhaliyə peyvənd seçimi təqdim olunur. ÜST-ün son qiymətləndirməsinə və peyvənd istehsalçılarının son məlumatlarına əsasən, “Sinovac” və “Pfizer” peyvəndlərinin də məhz “Delta ştammı”na qarşı təsirli olması göstərilir. Bu, əhalinin yeni ştamma qarşı qorunmasına şərait yaradacaq. Lakin yeni ştamm çox yoluxucudur, əhali arasında tez yayılır. İstədiyimiz kollektiv immunitet səviyyəsinə hələ gəlib çatmamışıq, buna doğru gedirik. Ümid edirik ki, payız ayları üçün əhalinin çox hissəsi peyvənd olunacaq. Peyvəndin təsir müddəti ilə bağlı tədqiqatlar aparılır. Azərbaycan bu tədqiqatları yaxından izləyir”.