“Tokio Yay Olimpiya Oyunları – 2020” mövzusunda poçt markaları buraxılıb - FOTO

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinə məlumat yayıb.
Məlumata görə, “COVID-19” ümumdünya pandemiyası səbəbindən bir il təxirə salınan və bu ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq. Bu oyunlarda ölkəmiz 44 idmançı ilə təmsil olunur.
Markalarda müxtəlif yay idman növləri Olimpiya oyunlarına ev sahibliyi edən ölkənin atributu ilə əlaqələndirilib.
Belarusun Bobruysk şəhərində on min tirajla çap olunmuş poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.
Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.