Bakıda kişi arvadını qətlə yetirib, iki nəfəri bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi arvadını qətlə yetirib, iki nəfəri bıçaqlayıb

S.Xankişiyeva17:36 - 03 / 08 / 2021
Bakıda kişi arvadını qətlə yetirib, iki nəfəri bıçaqlayıb

Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Xəzər rayon prokurorluğundan məlumat verilib.

"Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir", - prokurorluqdan bildirilib.

Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər. Onlar qadına köməklik göstərilməsi və ərinin təzyiqlərinin dayandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr də, nəticə olmadığını bildirirdilər.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər