“Xətrinizə çox dəyirsə, ünsür olsun!” - Millət vəkili qalmaqallı statusu ilə nə demək istədi? | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xətrinizə çox dəyirsə, ünsür olsun!” - Millət vəkili qalmaqallı statusu ilə nə demək istədi?

16:02 - 09 / 08 / 2021
“Xətrinizə çox dəyirsə, ünsür olsun!” - Millət vəkili qalmaqallı statusu ilə nə demək istədi?

Son günlər ölkə gündəmini “zəbt edən” məsələrdən biri də millət vəkili Etibar Əliyevin sosial media hesabındakı radikal hesab edilən paylaşımlarıdır.

Xatırladaq ki, bir müddət öncə onun şəxsi Facebook səhifəsi vasitəsilə dövlət tərəfindən jurnalistlər üçün inşa olunan 3-cü binadakı evlərin şəhid ailələrinə verilməsini təklif etməsi evi olmayan, uzun müddətdir kirayə mənzillərdə yaşayan jurnalistlərin ciddi etirazına səbəb olmuşdu.

Jurnalistlərdən bəziləri isə millər vəkilini sərt şəkildə tənqid edərək ona daha faydalı işlərlə məşğul olmağı tövsiyə etmişdilər.

Bundan bir qədər sonra Etibar Əliyevin həmkarı Fazil Mustafanın statusuna yazdığı şərhi isə ajiotaja səbəb olub. Belə ki, Etibar Əliyev, Fazil Mustafanın Milli Məclisin sədri Sahibə Qafarovanın İran prezidentilə görüşü zamanı yalnız İran bayrağının olması , Azərbaycan bayrağının olmaması ilə bağlı izahlı statusuna yazdığı "Təşəkkürlər Fazil bəy! Bir qrup adam var, ala qancıq tayadan düşməmiş düşürlər deputatların üstünə. Elə bil ki, deputatın bunların qarşısında öhdəliyi var. Olmayan ağılları, olmayan əxlaqları ilə bizə dərs keçməyə çalışırlar" şərhi cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bu fikri radikal fikir adlandıranlar sosial media hesablarında deputatın ünvanına xoşagəlməz ifadələr yazıblar.

“Elə bil, millət vəkilini bunların qarşısında öhdəliyi var” cümləsini yazan hörmətli millət vəkilimiz və ya millətimizin vəkili Etibar bəyə demək istəyirik ki, bu ölkədə heç kim “Həsən ağanın qohumu” deyil!

Qar yağdı, izlər örtüldü? O vəzifəyə seçilərkən xalqın səsini yığmaq üçün qapı-qapı gəzib, min dona girərək öz öhdəliklərinizi saymağı unutmusunuzsa, bir şeyi əsla və əsla unutmayın. Ağlınıza gələni deyil, ağzınıza gələni danışmaqdansa, ölkənin birinci adamının, xalqın adamının dediklərini beyninizə yazın!

Əgər bu ölkənin prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə ”Hər bir məmur xalqın xidmətçisidir, qulluqçusudur” deyirsə, deməli bu dəyərli kəliməni hər bir məmur qulağında sırğa etməlidir!

Ölkə başçısının genişmiqyaslı məmur islahatlarından dərs çıxarmayanlar unutmasınlar ki, bu qardan onların da qapısında yağa bilər.

Xalqı təhqir etmək, dövləti, hakimiyyəti təhqir etməkdir. Çünki hakimiyyəti xalq seçir. Məcburi deyil, sevərək, inanaraq və istəyərək.

44 günlük Vətən müharibəsində istər ön, istərsə də arxa cəbhədə birlik nümayiş etdirən bu xalq, belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Etibar bəy də başda olmaqla bu gün bütün deputatlar bu kamil xalqın səsi ilə Milli Məclisdə oturublar.

Əgər o kreslodan xalqın damına daş atılırsa, bu xalqın deyil elə öz reputasiyasına kölgə salmaqdır. O kölgə ki, istidə belə onları qorumur!

Bu arada onu da qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyanda qeyd edilib ki, deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, etik davranış qaydalarına əməl etməlidir.

Qeyd edək ki, bu Etibar Əliyevin yazdığı ilk şərh deyil. Millət vəkili bundan öncə də xalqın sadə nümayəndələrini təhqir etdiyi hesab edilən statuslar paylaşıb. Onlardan biri də deputatın mayın 18-də “Facebook” hesabında səs-küyə səbəb olacaq statusu idi. Belə ki, o paylaşdığı statuslara rəy yazmayanların dostluğundan çıxmasını tələb edib. Bu azmış kimi onları “vicdansız” da adlandırıb.

Onun bu paylaşımlarının reputasiyasına kölgə saldığını deyən sosial media istifadəçiləri millət vəkilinin “ağlına gələni deyil, ağzına gələni danışdığını” yazaraq, ona bir daha Azərbaycan Respublikasının Konstitusiyanın 89-cu maddəsinin 7-ci bəndini xatırladıblar.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” əsasən, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.Qanunda da yazılıb ki, deputat vətəndaşlarla, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Bu arada onu da qeyd edək ki, deputat “Facebook” hesabındakı statusunda məsələyə belə aydınlıq gətirib:

“Ay bəzi axmaqlar! El arasında işlənən “Ala qancıq tayadan düşməmiş” ifadəsi vaxt ölçüsüdür. Kimisə təhqir etmək deyil. Heç olmasa izahlı lüğətə və xalq deyimləri kitabına baxın. İkinci məsələ; təhqir, söyüş işlədən adam əxlaqsız deyilsə, bəs nədir! Yaxşı, xətrinizə çox dəyirsə, ünsür olsun.”

Millət vəkili növbəti statusunda da eyni məsələyə toxunub:

“Gerçək facebook izləyiciləri bilirlər ki, bu platformada neçə nəfər maraqlı statuslar paylaşır. Heç kim inciməsin, mən faydalı paylaşmalar edən çox az adam tanıyıram. Xeyli sayda insanlar söz güləşdirmək, təhrifçilik və böhtanla məşğuldurlar. Savadsız adamlar aforizmlər düzəldirlər. Adamın gözləri qarşısında yazdığın mətni təhrif edirlər. Özü də həyasızcasına, utanmaz-utanmaz. Mən el deyimi olan "Ala qancıq tayadan düşməmiş" ifadəsini vaxt ölçüsü kimi işlətmişəm. Yazırlar ki, bizi niyə təhqir edirsən. Bu axmaqların bircəciyi google -də axtarış verib, bunun mənasına baxmır. Savad yoxdu, axı. Mən yazıram ki, bizim bu tip adamlar qarşısında öhdəliyimiz yoxdur, qaraguruhçular bunu seçiciyə aid edirlər. Bu tip böhtanları hardan öyrəniblər. Adama elə gəlir ki, haradasa kurs keçiblər. Burada ad çəkib səhifəmi murdarlamaq istəmirəm. Açıq aşkar görsənir ki, bu adamları kimlərsə zorən bu platformaya cəlb edib”.

Bundan başqa Etibar Əliyev "Yeni sabah"a verdiyi son müsahibəsində də işlətdiyi “ala qancıq” ifadəsinin izahını verməyə çalışıb: “Burada nə var ki? Qancıq sözü Azərbaycan dilinin izahlı lüğətində var. Burada iyrənc olan heç nə yoxdur. Onu sosial həyata daxil edəndə iyrəncdir, amma mətndə istifadə edilməsində pis heç nə yoxdur. “Google”a “ala qancıq tayadan enəndə” yazanda “en” qədər mətn çıxır, orada görə bilərsiniz ki, nə qədər ciddi şəxs indiyə kimi bu ifadədən yazılarında istifadə edib. Burada nə var ki?!”

Təkcə onu deyə bilərik ki, 44 günlük Vətən müharibəsində istər ön, istərsə də arxa cəbhədə birlik nümayiş etdirən bu xalq, belə məsələləri obyektiv dərk edəcək qədər kamildir.

Aytən Sakitqızı

Paylaş:
1058

Son xəbərlər

Bütün xəbərlər