Ölkədə meşə yanğınları hansı səbəbdən baş verir?-FHN rəsmisi AÇIQLADI
Bu gün dünyanın diqqət mərkəzində olan hadisələrdən biri də Türkiyədə, sonradan dünyanın bir sıra ölkələrində baş verən və qarşısıalınmaz həddə çatan meşə yanğınlarıdır. O cümlədən ölkəmizdə də son günlər Lənkəranda, Qəbələdə və digər ərazilərdə meşə yanğınları baş verdi. Bəs görəsən bu yanğınlar hansı səbəbdən baş verir?
Ümumiyyətlə, yanğınların baş vermə səbəbləri və yanğın təhlükəsizliyi qaydalarına necə əməl olunması ilə bağlı FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev 1news.az-a danışıb. Onun sözlərinə görə, meşə ərazisində yanğınların baş verməsinə səbəb insanların səhlənkarlığı və odla ehtiyyatsız davranışlarıdır:
“Bəzən meşələrə istirahət və digər məqsədlər üçün gedən insanlar havaların quraqlıq keçməsi, meşədə quruyaraq yerə düşən xəzəl və ağac qalıqlarını mövcudluğunu, onların adi bir qığılcımdan yanğın əmələ gətirə biləcəyini nəzərə almır, siqaret kötüyünü söndürmədən onların üzərinə atır. Qidanın qızdırılması və ya digər ehtiyaclar üçün ocaq qalayır, söndürmədən həmin ərazidən uzaqlaşırlar".
Şöbə rəisinin sözlərinə görə, qeyd edilən halların baş verməməsi üçün FHN-nin DYNX tərəfindən əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndiirlməsi işinə ciddi önəm verilir:
“Xidmətin təşəbbüsü ilə aidiyyatı dövlət orqanlarının nümayəndələri də cəlb edilməklə vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları izah edilir. Yanğın hadisələrini baş verməməsi üçün görülməsi vacib olan zəruri tədbirlər aidiyyatı təşkilatları diqqətinə çatdırılır. Qanunvericiliyə əsasən yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı hadisənin nəticəsindən asılı olaraq inzbati və cinayət məsuliyyəti nəzərdə tutulur”.
Vətəndaşları qaydalara biganə yanaşmamağa çağıran müsahibim bu biganəliyin həyat və sağlamlıqları üçün təhlükə törədə biləcəyini bir daha xatırlatdı.
Qeyd edək ki, 2020-nin altı ayı ərzində yanğınlarla bağlı 8124 çıxış olubsa, 2021-in altı ayı ərzində bu rəqəm 6501 olub. Yəni 1623 çıxış azalma qeydə alınıb.
Aytən Sakitqızı