Magistraturaya II turda uğur qazananların elektron qeydiyyatı başlayır
18 avqust saat 15:00-dan etibarən ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatına start verilir.
1news.az xəbər verir ki, müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat təlimatda təqdim edilir.
Qeyd edək ki, qeydiyyat prosesi 24 avqust 23.59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.
Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.