Türkiyədə müalicə alıb qayıdan Vətən Müharibəsi qazisi: “YAŞAT” Fondu hər zaman bizimlə maraqlanır”
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazimiz sağalaraq avqustun 24-də Vətənə geri dönüb.
Onların arasında Cəbrayıl və Füzuli rayonları istiqamətində döyüşən, oktyabrın 24-də Füzuli istiqamətində döyüşdə yaralanan qazi Elşən Mustafyev də var.
1news.az-a danışan qazi Elşən Mustafayev bildirib ki, Azərbaycanda 8 əməliyyat keçirib.
“Qolumda sümük çatışmamazlığı var, Azərbaycanda çanaq sümüyündən qoydular, sümük birləşmədi. Daha sonra “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərildim, Türkiyədə ayağımdan sümük kəsib yerləşdirdilər. Bundan başqa, əl barmaqlarım əməliyyat olundu”.
O, qeyd edib ki, “YAŞAT” Fondu hər zaman onunla maraqlanır.
“2 aydan sonra YAŞAT Fondu yenə də məni müayinə üçün Türkiyə göndərməlidir. Müəyyən müddət gözləmək lazımdır ki, sümük özü birləşsin. “YAŞAT” Fonduna təşəkkür edirəm, hər bir şərait yaradılıb, əməliyyatlarımız da normal vəziyyətdə keçirilib. Bizə bu şəraiti yaradanlara minnətdaram”.