Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib – FOTO – YENİLƏNİB
Avqust ayının 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.
Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir: "Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər".
11:03
Son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər görülür.
Bu tədbirlər çərçivəsində ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər dezinfeksiya həftəsi keçirilib, hazırda şəhərin bütün rayonlarında Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə avqust ayının 28-i səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.