Tikinti şirkəti ilə sakinlər arasında qarşıdurma: Bakının mərkəzində ağaclar niyə məhv edilir? - ARAŞDIRMA

Koronavirus infeksiyasının geniş vüsət aldığı bir zamanda ÜST-nın vacib bildiyi və hayqıraraq bəlkə də SOS siqnalı çaldığı məsələlərdən biri də bu virusa istər yoluxanların, istərsə də yoluxmayanların gündəlik olaraq təmiz havada gəzərək bol oksigen qəbul etmələri ilə bağlı çağırışıdır.
Görünür ÜST-ün bu çağırışı bəzi sahibkarların nəinki maraq dairəsində deyil, hətta onlar bilərəkdən Allahın insanlara verdiyi pulsuz oksigeninin qarşısını pulla satın alırlar. “Burada mənəm, Bağdadda kor xəlifə” ideologiyasını özünə həyat tərzi seçən bir neçə sahibkar “cib”inə güvənərək, göydələnlər ucaltmaq üçün ağacların kəsilməsi prosesini rahatlıqla həyata keçirirlər. Söhbət “Qismət Firması” MMC-nin direktoru Əbili Tağıyevdən gedir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 99 və 111 saylı binaların sakinləri ilə "Qismət Firması" MMC şirkəti arasında 4 il öncə başlayan inşaat mübahisəsi bitmək bilmir ki, bilmir.
1news.az saytı məsələ ilə bağlı kiçik bir araşdırma edib.
Məsələnin “əl qərəz”i odur ki, sözügedən ünvanların sakinləri iddia edir ki, adıçəkilən şirkət rəhbəri yaşıllıq ərazini məhv edərək, orada çoxmərtəbəli bina tikməyə çalışır. Hətta tərəflər arasında çəkişmə o həddə çatıb ki, şirkət hər dəfə ərazini hasara alarkən, ətrafda yaşayan sakinlər etiraz əlaməti olaraq hasarı sökməyə çalışırlar. Nəticədə də hər dəfə iş müvəqqəti olaraq dayandırılır. Sakinlərin etirazının əsas səbəbi şirkətin ərazidə xeyli sayda ağacı məhv etməsi olsa da, digər bir səbəb tikiləcək yeni binanın onların yaşadığı binalarla 20-30 metr ara məsafəsində yerləşməsidir.






Məsələ ilə bağlı “Qismət Firması” MMC-nin direktoru Əbili Tağıyevlə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, qarşı tərəf zəngimizə cavab vermədi.
Şikayətçilər deyirlər ki, 200-dən çox sakinin imzası toplanaraq dəfələrlə aidiyyəti qurumlara etiraz məktubları göndərilib, amma təəssüf ki, bu günə kimi heç bir qurum onların şikayətinə əhəmiyyət verməyib. Elə bunu əsas götürərək ilk öncə hadisənin cərəyan etdiyi ərazi üzrə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, adıçəkilən sahibkar həmin ərazidə qanuni şəkildə iş görür:
“Həmin sahibkarın əlində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi sənədi var. O, həmin sənədlərə əsasən öz işini görür. O ki, qaldı ağacların kəsilməsi məsələsinə, ərazidə heç bir ağacın kəsilməsi faktı qeydə alınmayıb. Bundan başqa deyə bilərəm ki, biz vətəndaşların istəyi ilə adıçəkilən ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı göstəriş vermişik. Amma buna baxmayaraq qeyd etdiyim kimi, bu Xətai rayon İcra Hakimiyyətininin səlahiyyətində olan məsələ deyil. Çünki sahibkarın əlinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ərazidə tikiti işlərini aparmaq üçün verdiyi rəsmi sənədləri var”.
Şöbə müdirinin məsələni üzərindən rahatlıqla atdığını başa düşüb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu ilə əlaqə saxladıq. Məsələdən xəbərdar olduğunu deyən mətbuat katibi 1news.az-a açıqlamasında bildirdi ki, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.12.2017-ci il tarixli sərəncamı ilə “Qismət firması” MMC-yə yaşayış binalarının layihələndirilməsi üçün ayrılıb. Qeyd edilən ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aidiyyəti dövlət orqanlarının, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyinə əsasən 1 girişli 16 mərtəbəli yaşayış binası və qazanxananın tikintisinə 16.07.2021-ci il tarixində icazə verilib. Ekoloji Ekspertiza rəyində həmin ünvanda yerləşən torpaq sahəsinin tikinti üçün nəzərdə tutulduğu qeyd olunub. Sahədə mövcud olan 8 ağac qanunamüvafiq şəkildə ərazidən köçürüləcək. Bundan başqa bu gün tərəfimizdən adıçəkilən əraziyə baxış keçiriləcək. Baxışdan sonra daha dəqiq şəkildə məlumat vermək mümkün olacaq”.
Ortada ağacların kəsilməsi məsələsi varsa, deməli birbaşa cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Elə bunu nəzərə alıb nazirliyin ərazi üzrə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Vaqif Cavadovla da əlaqə saxladıq. İdarə rəisi qeyd etdi ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “Qismət firması” MMC-yə torpaq sahəsi icarəyə verilib və müvafiq sənədləri alınıb. Vaqif Cavadov həmçinin bildirdi ki, sakinlərin ağacların kəsilməsi ilə bağlı şikayəti əsasında nazirlik tərəfindən əraziyə baxış keçirilib. Baxış zamanı ərazidə qanunsuz olaraq ağacların kəsilməsi faktı müşahidə edilməyib:
“Əksinə, vətəndaşlar tərəfindən ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisinin qarşısını almaq məqsədilə 81 ədəd ağac tingi əkilib. Bəllidir ki, ərazidə yaşayan vətəndaşlar nazirliyin yaşıllıqların məhv edilməsi məsələsinə həssas yanaşmasından istifadə edərək bu addımı atıblar. Amma buna baxmayaraq sakinlər tərəfindən əkilən 81 ədəd ağac yaşıllıq sayıldığı üçün qeydiyyata alınaraq nəzarətə götürülüb. Əgər həqiqətən də vətəndaşların dediyi kimi ərazidə ağacların kəsilmə faktı müəyyən edilsəydi, o zaman nazirlik tərəfindən qanunamüvafiq qaydada ciddi tədbir görüləcəkdi”.
Amma vətəndaşlar iddia edir ki, iyulun 26-da tikinti şirkətinin hasarladığı ərazini sökərək kəsilmiş ağacların ətrafına 100-ə yaxın ağac əkiblər. Vətəndaşların etirazlarına baxmayaraq, “Qismət Firması” MMC niyyətindən əl çəkmək istəmir. Baxmayaraq ki, sakinlərin növbəti etirazı sentyabrın 1-də baş tutub, lakin şirkət ərazidə hasarlanma işlərini tamamlayıb. Sakinlər növbəti dəfə çəkilən hasarın sökülməsinə səy göstərsələr də məsələyə polis müdaxilə edib.
Onu da deyək ki, Bakıda ağac kəsilməsi faktı daha çox Suraxanı, Nəsimi, Xətai, Binəqədi, Yasamal rayonlarında qeydə alınır. Məsələ ilə bağlı ictimai qınağın olması vacibdir. Çünki ağaclar daha çox sahibkarlar tərəfindən kəsilir. Faktı Ekologiya və Təbii Sərvətlər Naziriliyi də təsdiq edir.
Əziz oxucu, bu məsələdə kimin haqlı, kimin haqsız olduğuna siz qərar verin. Bizə yalnız onu demək qalır ki, bir zamanlar yaşıllıqların əhatəsində yerləşən Odlar Yurdunun göz görə-görə nəfəsi daralır. Suya həsrət səhra kimi Bakımız da ağaclara həsrətdir sanki. Necə deyərlər, gözlə görünən kəndə bələdçi lazım deyil. Küləklər şəhərində bir tərəfdən küləklər, digər tərfədən də külək düşüncəli sahibkarlar tərəfindən Bakının övladı tək qoynuna sıxıb saxladığı oksigen mənbəyi olan ağaclar məhv olmaq üzrədir. Bəllidir ki, belə davam etsə, Bakıda həyat iflic olacaq. Baxmayaraq ki, bu gün müxtəlif ərazilərdə yaşıllıq zolaqları salınır. Amma sən saydığını say, gör fələk nə sayır. Fələk də yeni əkilən o tinglərin böyüməsini gözləyənə kimi ciyərlərimizin dağılacağını deyir. Görünən o ki zaman keçdikcə öz mənafeyini güdən, yalnız cibinə xidmət edərək tuluğunu doldurmağa çalışan bəzi sahibkarlar göydələnlərin sayını artıracaq və o zaman insanlar yaşamaq üçün oksigen “axtarışı”na çıxacaqlar.
Aytən Sakitqızı