Xəyal gerçəkləşəndə: Şuşalılar Cıdır düzündə öz sevinclərini “1news.az”la bölüşürlər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəyal gerçəkləşəndə: Şuşalılar Cıdır düzündə öz sevinclərini “1news.az”la bölüşürlər – VİDEO

15:00 - 08 / 09 / 2021
Xəyal gerçəkləşəndə: Şuşalılar Cıdır düzündə öz sevinclərini “1news.az”la bölüşürlər – VİDEO

Bu ana həyəcanverici demək, heç nə deməməkdir.

Şuşalıların 30 illik məcburi ayrılıqdan sonra doğma şəhərləri ilə görüşlərini görəndə adamın dili tutulurdu. Burada hər şey var idi: gülüş, sevinc göz yaşları, doğmaların bu müqəddəs günü görmədən dünyadan köçməsindən doğan kədər, bu bayramı onlara yaşatdıqlarına görə Allaha və ölkə başçısına minnətdarlıq və hətta dahi Üzeyir Hacıbəyovun əsərlərinin ifa edilməsi.

Bu, Şuşaya səfər etmiş şəhər sakinlərinin 80 nəfərlik üçüncü qrupu olub. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkil etdiyi səfərdə yaşlı nəslin nümayəndələri, Qarabağ müharibəsi iştirakçıları, həmçinin şəhərin ziyalıları iştirak ediblər.

Bundan əvvəl daha 100 yerli sakin şəhərə səfər etmək imkanı tapıb. “Mənim qardaşım Qasımov Qəmbər, qaynım Bəşirov Kamil, dayım oğlu Möhübbət İsmayılov bu torpaqda şəhid olub”, - deyə şəhər sakini Sədaqət Qasımova hissələrini “1news.az” ilə bölüşüb.

“Mən prezidentimizə, onun xanımına və ailəsinə can sağlığı diləyirəm, bizə kömək edən qardaş xalqlara minnətdarlığımızı bildirirəm, əsgərlərimizə və qazilərimizə can sağlığı arzu edirəm, şəhidlərimizə də rəhmət arzulayıram. Allah onların yerini cənnət eləsin, Allah onlara qəni-qəni rəhmət etsin”, - S.Qasımova deyib.

Digər şəhər sakini Rəna Bağırova qeyd edib ki, “bu torpağın hər qarışında torpaq uğrunda canını qurban verən şəhidlərin qan izləri var”.

“Bu günü bizə yaşatdıqlarına görə, qazilərimizə, şəhidlərimizə və həyatda olan igidlərimizə borcluyuq. Allah sağ qalanları xoşbəxt eləsin!”, - R.Bağırova arzusunu bildirib.

“Bu gün doğma torpağımıza qayıtdığımıza görə çox şadıq. Həyəcandan danışa bilmirəm”, - Cıdır düzündə ikən səsi titrəyən, göz yaşlarına güclə hakim olan Səyyad Muradov deyib.

“Allah-Təalanın bu gününə şükür. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah-Təala hörmətli Prezidentimiz İlham Əliyevə can sağlığı versin ki, bizə bu sevinci yaşatdı, üstümüzdən “qaçqınlıq” damğasını götürdü. Biz neçə illərdir ki, o damğa altında iztirab keçirirdik. Bu günümüzə çox şükür olsun! Hörmətli Prezidentimizə, onun xanımı Mehriban Əliyevaya minnətdarıq. Allah-Təala zəfərlərini və uğurlarını bol etsin!”.

“Çox şadam ki, mənim belə millətim, belə əsgərlərim var. Bizim türk dostlarımız var. Türk milləti bizim canımızdır”, - özünü Sona xanım kimi təqdim etmiş başqa bir şəhər sakini bildirib.

“Mən ilk növbədə şəhidlərimizə minnətdaram. Allah onlara rəhmət etsin! Onların analarının qarşısında baş əyirəm. Mən həmçinin əsgərlərimizə, ordumuza minnətdaram. Sevinirəm ki, belə gözəl, mükəmməl ordum var. Prezidentimizə minnətdaram. Allah ona can sağlığı versin. O bizə bu hissi yaşatdı. Biz 30 il bu hissi yaşamaq istəmişik. 30 il biz həsrətlə gözləmişik, inanırsınız, mənim qanadım olsa uçaram.

“Həmişə fikirləşirdim ki, quş olum, uçub balkonuma qonum, görüm evimdə hansı erməni “dığası” yaşayır. Amma indi mən çox şadam, hamıya minnətdaram. Söz tapa bilmirəm, bilmirəm, bu hissi necə paylaşım. Allah hamıya gəlib Cıdır düzünə çıxmağı qismət etsin”, - hisslərini güclə idarə edən Sona xanım deyib.

Şuşaya gəlmiş şəxslərdən birinin Cıdır düzündə şuşalı Üzeyir Hacıbəyovun dahi şair Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” romansını ifa etməsi xüsusilə təsirli an olub.

Həmin şəxsin Şuşa sanatoriyasının keçmiş həkimi Vaqif Qurbanəliyev olduğu məlum olub.

“Eşq olsun müzəffər ordumuza! Eşq olsun Ali Baş Komandana! Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu sevinci bütün bizə yaşadanlara eşq olsun!”, - V.Qurbanəliyev deyib.

“Düşünürəm ki, bizim sevincimiz əbədi olacaq. Biz bu torpaqlarda əbədi yaşayacağıq. Cənab Prezidentin dediyi kimi, o bilir ki, hansı məqamda nəyi etmək lazımdır. Mən düşünürəm ki, biz tezliklə Laçına, Kəlbəcərə də Şuşaya gəldiyimiz kimi gedə biləcəyik”, - V.Qurbanəliyev qeyd edib.

Sözlərinə yekun olaraq, o, eyni müəlliflərin qələminin məhsulu olan daha bir musiqi şedevrini – “Sənsiz” romansını ifa edib, lakin bu dəfə bu romansı Qarabağın mirvarisinə həsr edib.

Şəhərin görməli yerlərinə səfər etdikdən və burada aparılan bərpa işləri ilə tanış olduqdan sonra şuşalılar Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər.

“Vətəninizə, mədəniyyət paytaxtımıza xoş gəlmisiniz! Uzun sürən ayrılıqdan sonra müqəddəs Qarabağ torpağına ayaq basdınız, doğma şəhərinizə qovuşdunuz”, - A.Kərimov şuşalıları salamlayıb.

O qeyd edib ki, “bütün bu möcüzəli hadisələr, sözsüz ki, bizim Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılmış zəfərin nəticəsində əldə olunub”.

“Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə san sağlığı versin. Sizi, şuşalıları burada görmək bizim üçün həm qürurdur, həm də xoşbəxtlikdir”, - Prezidentin xüsusi nümayəndəsi deyib. O, Şuşanın dirçəldiyini, yenidən qurulduğunu qeyd edərək, bu şəhərin daim Azərbaycan rəhbərliyinin diqqətində olacağını vurğulayıb.

“İşlər sürətli aparılır, siz öz doğma şəhərinizin getdikcə necə yeniləşəcəyinin və dirçəlməsinin şahidi olacaqsınız. Bizim də arzumuz budur ki, burada baş verən dəyişikliklər ilk növbədə, sizin tez bir zamanda öz evlərinizə, ocaqlarınıza qayıtmağınıza imkann yaratsın. Bilirsiniz ki, keçən həftə ərzində, Vaqifin poeziya günləri çəçivəsində cənab Prezident tərəfindən Şuşada ilk yeni yaşayış kompleksinin təməli qoyulmuşdur. Orada çox gözəl və Şuşanın memarlıq üslübuna uyğun evlər inşa ediləcək və sizlər oranın sakinləri olacaqsınız. Bu proses davam edəcək. Şuşanın bərpası, Şuşanın tarixi görkəminin qaytarılması yolunda ciddi addımlar atılır. Artıq qoruq fəaliyyətə başlayıb. Biz hamımız bir nəfər kimi bu işdə öz zəhmətimizi əsirgəməyəcəyik”, - A.Kərimov əmin edib.

Yalçın Əliyev

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər