Karantin qaydaları yenidən sərtləşdiriləcək? - Həkim-infeksionist AÇIQLADI
Koronavirus infeksiyasının artan dinamika ilə inkişaf etdiyi bir dövürdə bu virusdan qorunmağın yollarından biri də tibbi maskadan istifadə etməkdir.
Bir müddət əvvəl havaların isti keçməsi ilə əlaqədar olaraq açıq havada tibbi maskanın taxılması tələbi ləğv edildi. Amma hazırda sosial şəbəkələrdə belə bir fikir yayılıb ki, Azərbaycanda növbəti həftələrdən açıq havada tibbi maskadan istifadə məcburi olacaq. Ümumiyyətlə, bu fikir nə dərəcədə reallığı əks etdirir və maskadan mütəmadi istifadə düzgündürmü?
1news.az-ın bu və ya digər suallarını həkim-infeksionist Vüqar Cavadzadə cavablandırdıb. Müsahibim bildirdi ki, açıq havada tibbi maska tələbi hələ ki, tezdir:
“Açıq havada tibbi maska tələbindənsə, qapalı məkanlarda nəzarəti gücləndirmək lazımdır. Çünki qapalı məkanlarda tibbi maskadan istifadə edənlərin sayı olduqca azdır. Açıq havada yoluxma riski azdır, amma qapalı məkanlarda isə yoluxma riski böyükdür. Elə bu səbəbdən də qeyd etdiyim kimi, qapalı məkanlarda maska taxılmasına, gigiyenik qaydalara riayət edilməsinə nəzarət gücləndirilməlidir. Ehtiyac yaranarsa görülən tədbirlər nisbətən sərtləşdirilə bilər. Açıq hava maskanın tələbi isə ən son tədbirlər sırasına daxil edilməlidir”.
- İnsanlar arasında belə bir fikir yayılıb ki, tibbi maska xəstəliyin yayılma dinamikasını sürətləndirir. Siz necə düşünürsünüz, bu düzgün fikirdirmi?
- İnsanlar düzgün düşünmürlər. Bütün dünya maska taxır. Necə ola bilər ki, maska xəstəliyi yaysın, yoluxmanı sürətləndirsin?! Maska virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını almaq üçündür. Bu sadəcə tibbi anlayışı olmayan insanların işlətdiyi ifadədir.
-Yoluxma rəqəmlərinin artan dinamika ilə inkişafı karantin qaydalarının yenidən sərtləşəcəyini deməyə əsas verə bilərmi?
-Bu gün epidemioloji vəziyyət nəzarət altındadır, artım 3000-4000 min civarındadır. Növbəti həftələrdə yoluxma artan dinamika ilə inkişaf edərsə, karantinin nisbətən sərtləşdirlə bilər.
Aytən Sakitqızı












