Əhalinin işi asanlaşdı: Bu regionlarda “ASAN xidmət” mərkəzi olacaq
İlk öncə deyək ki, hazırda ölkə üzrə 21 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Amma hazırda isə Bakıda daha 1 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.
Bu barədə məlumatı 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev verdi.
O, bildirdi ki, həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.“ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 550 mindən çox vətəndaşın 46 milyon 470 mindən artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən bu günə kimi 2 milyon 411 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 27000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 650-dən çox layihə keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Aytən Sakitqızı