Daha bir qanunsuzluğun qarşısı alındı: Ağacın ətrafına çəkilən hasar söküldü

Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Bu barədə 1news.az-a ən son məlumatı Xidmət rəsmisi Bəhruz Məhəmmədov verib.
O, bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işlərinin aparıldığı və şam ağacının hasarın içərisində qaldığı müəyyən edilib.
“Əməkdaşlarımızın nəzarəti altında ağacın ətrafına çəkilən hasar sökülüb və ətrafdakı ağaclar qeydiyyata alınaraq nəzarətə götürülüb”.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.
Aytən Sakitqızı