Peşə məktəblərinə tələbə qəbulu ilə bağlı apellyasiya mərhələsi başlayır
Peşə məktəblərinə tələbə qəbulu və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb.
Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, komissiya apellyasiya müraciətlərinə baxılması üçün sentyabrın 15-dən 17-dək fəaliyyət göstərəcək.
Müraciətçilər həm portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə, həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə (ünvan: Binəqədi rayonu, Koroğlu Rəhimov 70) yaxınlaşaraq birbaşa Apellyasiya Komissiyasına öz müraciətlərini ünvanlaya bilərlər. Komissiyaya yerində müraciət edə bilməyən şəxslər qeyd edilən tarixlərdə [email protected] elektron poçt ünvanına müraciətlərini yazılı məktubla göndərə bilərlər.
Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:
1. Şəxsi kabinetə daxil olunur;
2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir;
3. “Müraciət et” bölməsinə daxil olunur;
4. Şəxsi məlumatlar daxil edilir;
5. Əvvəlki təhsil məlumatları daxil edilir;
6. Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir;
7. Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Apellyasiya Komissiyası sentyabrın 15-17-də saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Göstərilən saatlar daxilində vətəndaşların müraciətlərinə yerində baxılacaq. [email protected] elektron poçt ünvanına sentyabrın 15-dən 17-dək göndərilmiş apellyasiya müraciətləri komissiya tərəfindən cavablandırılacaq. Müraciət göndərərkən mütləq ad, soyad, ata adı və əlaqə nömrəsi qeyd olunmalıdır.
Qeyd edək ki, hər bir vakant yerə ilk müraciət edən şəxs, şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq. O, bildirişi aldıqdan sonra sentyabrın 17-dək sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidir.
Apellyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilər. Daha əvvəl hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər ixtisas dəyişdirilməsi məqsədilə müraciət edə bilməzlər.