Bəzi çörəklərin qiyməti qalxıb

“Çörəkçi” və “Nömrə 1” çörək zavodlarının məhsullarında artım müşahidə edilir. Lakin heç də bütün istehsalçılar qiyməti qaldırmayıb.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, “Nömrə 1” çörək zavodunun satış müdiri Rahim Nizaməddinov bildirib ki, daşınma xərclərimiz artıb. Eyni zamanda biz çörəkləri qablaşdırarkən paketlərdən istifadə edirik və bu malların dəyərində də 20 faizə yaxın artım baş verib:
“Hazırda şirkətimizdə 700-ə yaxın əməkdaş çalışır və biz ixtisara getməmək, eyni zamanda digər problemlərlə üzləşməmək üçün 7-8 faiz civarında qiymətləri qaldırmağa məcbur olduq. Hazırda çörək məhsullarımızın qiymətində əsasən 4-5 qəpik, bəzi çeşidlərimizin qiymətində isə 10 qəpik artım var”.
“Çörəkçi” zavodunun hüquq departamentinin direktoru Akif Abbasov:
“İlin əvvəli ilə müqayisədə taxılın qiymətinin artması, eləcə də paketlənmədə istifadə olunan xammalın, daşınma xərclərinin artması qiymət artımına səbəb olub. Digər tərəfdən çalışanlarımızın da əməkhaqqını müvafiq səviyyədə saxlamaq üçün qiymət artımına gedilib”.
Əvvəllər 55-60 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir.
Çörəyin qiyməti ilə bağlı rəsmi açıqlama hələ ki verilməyib.
1news.az